ABŞ Dövlət Departamenti İsrailə təxminən üç milyard dollar dəyərində bomba, təlimat dəstləri və digər silahların satışına razılıq verib.
“İki sahil”in "Haber Global"a istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən (DSCA) məlumat verilib.
Məlumata görə, ümumilikdə üç fərqli silah satışının təsdiqi üçün Konqresə rəsmi şəkildə müraciət edilib. Satışlardan biri 2.4 milyard dollar dəyərində 35 500-dən çox "MK-84" və "BLU-117" bombası ilə 4 000 "Predator" döyüş başlığını, digəri 675.7 milyon dollar dəyərində döyüş sursatlarını, üçüncüsü isə 295 milyon dollar dəyərində "D9R" və "D9T" model "Caterpillar" buldozerləri və əlaqəli avadanlıqları əhatə edir.
Sözügedən silah satışı ABŞ Prezidenti Donald Tramp Administrasiyası tərəfindən bu ay İsrailə verilən ikinci satış paketi olaraq qeyd edilib.