ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında uğursuz danışıqlardan sonra Ağ Ev rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün təşkili tempi sürətlənib.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Kiyev və Vaşinqton arasında Ukraynanın faydalı qazıntılarına dair razılaşmanın pozulması səbəbindən hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlar arxa plana keçəcək. Ağ Ev və Moskva ABŞ və Rusiya arasında "potensial gəlirli sövdələşmələri" müzakirə etməyə diqqət yetirəcəklər.
CNN həmçinin bildirib ki, Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqların ikinci raundu tezliklə baş tuta bilər. Nəşrin Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevə istinadla verdiyi məlumata görə, tərəflər bəzi enerji sazişlərini müzakirə edə bilərlər.