Türkiyə və Böyük Britaniya diplomatları Ankarada aparılan məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğvi məsələsini müzakirə edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Bu məqsədlə Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz və onun britaniyalı həmkarı Hamiş Falkoner bu gün Ankarada görüşəcəklər.
"Türkiyə tərəfinin bu məsləhətləşmələrdə Suriyada təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı Ankaranın baxış və gözləntilərini açıqlayacağı gözlənilir. Suriyaya qarşı tətbiq olunan sanksiyaların ilkin şərt olmadan tam ləğvinin zəruriliyi vurğulanacaq. Bu, Suriyanın bərpası və iqtisadi inkişafı üçün lazımdır", - mənbə qeyd edib.
Bundan başqa, Yılmaz və Falkoner İsrailin Suriyadakı hərəkətlərini müzakirə edəcəklər. “Suriyanın suverenliyini açıq şəkildə pozan və təhdid edən İsrailin hərəkətlərinə son qoyulmasının vacibliyinə diqqət yönəldiləcəyi gözlənilir”, - mənbə qeyd edib.