03 mart 2025 22:39
93

Afrika dövlətləri Azərbaycana xüsusi önəm verirlər

Milli Məclisin deputatı: Qitə ölkələri ilə hərtərəfli əlaqələrimizin böyük perspektivi vardır

Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Bu, həm də Afrika dövlətlərinin ölkəmizə olan maraqlarından irəli gəlib.  Bu gün də Afrika ölkələri qlobal və regional miqyasda nüfuzu artan, iqtisadi potensialı ilə seçilən Azərbaycanla siyasi, iqtisadi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verirlər. Son günlər Somali və Qvineya-Bisau prezidentlərinin ölkəmizə səfərləri bunu bir daha təsdiq edir.

Beynəlxalq təsisatlarda bir-birini dəstəkləyən Azərbaycanla Afrika ölkələri arasında neft-qaz, mədənçilik, müdafiə sənayesi, təhsil, səhiyyə sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi artlq diqqət mərkəzindədir. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır. Bununla bağlı keçirilən görüşdə somalili tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları, dost ölkə mütəxəssislərinin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığında əsas istiqamətlərdən biri onların böyük maraq göstərdikləri “ASAN xidmət” modelidir. Bunun nəticəsidir ki, “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə Anlaşma memorandumları imzalanıb. Esvatini, Konqo, Tanzaniya, Qambiya və Zimbabve ilə danışıqlar davam etdirilir. Qeyd edək ki, Somali Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlərdən biri də bu sahədə əməkdaşlığa dair olub. Qvineya-Bisau Respublikasının Prezidenti də “ASAN xidmət”i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb. Şübhəsiz, Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycanın müdafiə sənayesi məhsulları ilə tanış olması, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sənəd imzalanması, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun komando hərbi hissələrindən birinə baş çəkməsi bu ölkələrin hərbi təyinatlı məhsullara maraqlarından irəli gəlir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Afrika ölkələri Azərbaycanla əlaqələrin, eləcə də səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələrinin inkişafında maraqlıdırlar. Şübhəsiz, bütün bunlar həm də Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsinin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətçiliyinin inkişafı, eləcə də öz problemlərini təkbaşına həll edə bilməsi bu gün dünyanın diqqətini cəlb edir: “Şübhəsiz, Afrika dövlətlərininin ölkəmizə xüsusi önəm vermələri hər şeydən əvvəl, Azərbaycanın qısa müstəqillik tarixində keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlarla, həm də müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı apardığı mübarizə ilə əlaqədardır.  Onu da bildirim ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliğinə səylər göstərib. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında da rəsmi Bakı Afrika ölkələrinin maraqlarına sadiq olduğunu nümayiş etdirib. Amma bu da danılmaz faktdır ki, Asiya, Afrika dövlətləri Azərbaycanın təcrübəsindən yararlanmağa böyük maraq göstərirlər. Məsələn, bizim “ASAN xidmət” modeli bu ölkələrin maraq dairəsindədir. Eyni zamanda təhsil, səhiyyə, sığorta, həm də kadr hazılığı sahələrindəki marağı da bura şamil etmək olar. Fikrimcə, Afrika ölkələrinin kadr hazırlığında potensialımıza daha çox diqqət yeirmələri Azərbaycan universitetlərinin həmin ölkələrdə filiallarının açılmasına da vəsilə ola bilər. Bu baxımdan hərtərəfli əlaqələrin böyük perspektivləri vardır. Son günlər Somali, Qvineya-Bisau liderlərinin Azərbaycana gəlmələri bu cəhətdən olduqca əhəmiyyətlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”