05 mart 2025 01:59
94

İrəvanda qədim tarixi abidlərimiz məhv ediləndə BMT-nin komissarı harada idi?

2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. Bu problemin həlli növbəti tarixi dövr üçün ən mühüm taleyüklü bir məsələ olaraq artıq ölkəmizin gündəliyinə daxil edilib. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən birinin məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsi olduğunu vurğulayaraq deyib: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Xatırladaq ki, 2023-cü il yanvarın 26-da Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin olunması barədə Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir.

Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycanda doğulanlara şəxsiyyət vəsiqələri veriləndə, orada onların doğulduğu rayonların, kəndlərin tarixi adları bərpa olunur. Bu proses davam edir. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var. İndi istər ABŞ, istərsə də Avropa İttifaqı  bu məsələdə ədalətsiz mövqe tutduqlarının  nəinki fərqindədirlər, hətta bunu məqsədli şəkildə etdikləri  də şübhə doğurmur. Səbəb çox sadədir: Cənubi Qafqazla bağlı destruktiv planları məhz onları öz himayədarı kimi görən Ermənistanın vasitəsilə həyata keçirmək. Hər halda Ermənistanın son vaxtlar Qərbin direktivlərini qeyd-şərtsiz yerinə yetirməsi bu qənaəti daha da möhkəmləndirir.

Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Belə ki, bu günlərdə Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarının səsləndirdiyi qərəzli fikirləri qınayaraq bəyanat yayıb. Bəyanatda qeyd olunub: “Biz ali komissardan Azərbaycan torpaqlarının Ermənistanın tərəfindən işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını və mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün ölkəmizlə səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik. Ali komissar Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu yaxınlarda yayılmış və azərbaycanlıların deportasiya edilməsi yolu ilə monoetnik dövlətin yaradılmasını hədəfləyən irqçi çıxışını İrəvanda qədim məscidin qalıqları üstündə restoran tikilməsini, Ermənistanda zaman-zaman revanşist fikirlərin səslənməsini də pisləmədi.

Biz ali komissardan Ermənistanı öz dədə-baba yurdlarına dinc yolla qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdi, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad olunmasına çağırış etdi. Ali komissarın bu çağırışı faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir.

Ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqları hüququna selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırırıq”.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İkisahil”