Artıq bütün dünya ictimaiyyəti də etiraf edir ki, türk dövlətlərinin birliyi Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik çərçivəsində davamı üçün örnəkdir
2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasında əsas məqsəd müsəlman dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviqinə, dünyada sülhün bərqərar edilməsinə, beynəlxalq terrorizmə, separatçılığa, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdır.
Bir təşkilat kimi inkişaf yolunda mühüm nailiyyətlərə imza atan TDƏŞ-ə üzv dövlətlər TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası çərçivəsində fəaliyyət göstərərək maddi –mənəvi dəyərlərin təbliğində mühüm rol oynayıblar. Türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsində xüsusi rolu olan Azərbaycanda bu həmrəyliyin daha da möhkəmlənməsinə dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətlə yanaşılmışdır.
Türkdilli dövlətlər arasında coğrafi bağlılığın, həmrəyliyin möhkəmlənməsi naminə göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin TDƏŞ-in VIII Zirvə görüşündə Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlət başçımızın xidmətlərinə verilən dəyər idi. İstanbulda keçirilən həmin Zirvə görüşündə Şuranın adının «Türk Dövlətləri Təşkilatı» (TDT) ilə əvəzlənməsi ilə bağlı qərarın qəbulu ilə türk birliyinin, İslam həmrəyliyinin daha geniş coğrafiyada inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirildi. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə həmişə yanımızda olan, tarixi Qələbəmizə sevinən türkdilli dövlətlərin, xüsusilə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xalqımız heç vaxt unutmayacaq. İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında qardaş kimi çiyin- çiyinə dayanan Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin məğrur görünüşləri birlik rəmzinin dünyaya nümayişi idi. Vətən müharibəsindən sonra Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan bəndləri müəyyən mənada türk birliyinin möhkəmlənməsinə xidmət edən həmrəyliyin növbəti ifadəsi, yol xəritəsi adlandırmaq daha məqsədəuyğun olardı. Müttəfiqlik Bəyannaməsində xüsusi diqqətçəkən, Tarixi İpək Yolunun bərpası kimi dəstəklənən Zəngəzur dəhlizinin açılması ilk növbədə türkdilli dövlətlər arasında nəqliyyat, yükdaşıma problemlərini daha sərfəli tariflərlə və asan yolla tənzimləyəcək. Azərbaycanın regionda yaratdığı reallıqların ən aktual nümunəsi olan yaşıl enerji siyasəti də qardaş ölkələrin iqtisadi inkişafına yardım göstərəcək. Bu qardaşlıq humanitar sahədə də davam etdirilir. Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi orta məktəbin tikintisi , Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzinin inşası ilə bağlı təşəbbüsləri qardaşlıq münasibətinin təzahürüdür. Qardaş dövlətlərin bu təşəbbüslərinin əsasında bir tövsiyyə dayanır: Təhsil hər bir millətin gələcəyi üçün bayraqdır! Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması da türkdilli dövlətlər arasındakı həmrəyliyin təzahürüdür. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün həyata keçirilən Böyük Qayıdış Proqramının icrasında türk dövlətlərinin iştirakı qardaşlıq dəstəyidir. Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlara- Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, Zəfər yolunun açılış mərasimlərində cənab İlham Əliyevlə birgə iştirakı Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyət rəmzidir.
2023-cü ildə Türkiyənin müxtəlif vilayətlərində baş verən, «Əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında həmrəylik simvolu kimi bu birlik sarsılmazlığını bir daha dünyaya bəyan etdi. Həmin günlərdə TDT-nın Ankarada «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım» mövzusunda Fövqəladə Sammitinin keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm» sözləri ilə bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətini diqqətə çatdırmış, həyata keçiriləcək islahatların əhəmiyyətindən də bəhs etmişdi. Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi kimi Bakıda və İstanbulda keçirilən «TEKNOFEST» festivallarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin də iştirakı bu birliyin təzahürü idi. Türkiyə və Azərbaycan hərbçilərinin birgə iştirakı ilə keçirilən hərbi təlimləri, Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması təşəbbüsü isə hər iki ölkənin müdafiə qüdrətinin artırılmasına yönələn ciddi addımlardır. Artıq bütün dünya ictimaiyyəti də etiraf edir ki, türk dövlətlərinin birliyi Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik çərçivəsində davamı üçün örnəkdir. Hər iki dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik rəmzidir.
Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimi bu qardaşlığın daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirdə iştirakları türk birliyinin daha bir simvolu idi.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə və Azərbaycan qardaşlığının daha bir rəmzi adlandırdı.
Mərasimdə Azərbaycanın ayrılmaz parçası olan qədim Naxçıvanın tarixindən bəhs edən Prezident İlham Əliyev bildirdi ki, Rusiya imperiyasının xəyanətinin, daşnak siyasətinin nəticəsi olan Qərbi Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi ilə respublikanın digər bölgələri ilə Naxçıvanın quru bağlantısı pozulmuşdu: «Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.»
O ağır günlərdə Naxçıvanın Ermənistanın işğalı altına düşməməsinin səbəblərindən biri də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, qətiyyəti ilə muxtar respublikanı Türkiyə ilə birləşdirən «Ümid körpüsü»nün inşa edilməsi oldu. Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki qardaş ölkəni daha sıx birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətlərinə əlavə olunan İğdır- Naxçıvan qaz kəməri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə - onlardan 10 Avropa ölkəsi- Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.
İki ölkənin birgə layihələri olan, böyük coğrafiyanı əhatə edən, türk dünyasını birləşdirən enerji, nəqliyyat layihələrinin siyasi, iqtisadi əhəmiyyətini diqqətə çatdıran, «Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi» sözləri ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xidmətlərini yüksək dəyərləndirən Prezident İlham Əliyev istifadəyə verilən İğdır-Naxçıvan qaz kəmərini qardaşlığın daha bir təzahürü adlandırdı. Vurğulandı ki, müqəddəs Ramazan ayına təsadüf edən mərasimin bayram kimi, qeyd olunması eyni zamanda İslam həmrəyliyinin sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı.
Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamını iki qardaş arasındakı birliyin təzahürü adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istifadəyə verilməsini enerji sahəsində strateji əhəmiyyətli təşəbbüsün növbəti məntiqi nəticəsi adlandırdı: «Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.» Türkiyə Prezidenti daha sonra vurğuladı ki, hər zaman bir olduğumuz Azərbaycanla bundan sonra da önəmli layihələrin reallaşmasında da birgə çalışacağıq.
Xuraman İsmayılqızı, «İki sahil»