07 mart 2025 03:02
98

“Adımı sənə qoyum…”

Fransanın Ermənistandakı səfiri yenə sərsəmlədi

Məlum olduğu kimi, bu gün Fransa Cənubi Qafqazda təxribatçı fəaliyyətlə məşğuldur. Əsas məqsəd Ermənistan vasitəsilə regionda gərgin vəziyyət yaratmaq, sülh əldə edilməsini əngəlləməkdir. Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin bu günlərdə Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar bir daha təsdiqləyir. Belə ki, Fransanın İrəvandakı səfiri Olivye Dekotini erməni mediasına açıqlamasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Almatı Bəyannaməsi əsasında tanıdığını qeyd edərək bildirib ki, həmin sərhədlər dövlət sərhədi kimi tanınıb: “Sülh müqaviləsi 1991-ci il Almatı Bəyannaməsinin prinsiplərinə əsaslanmalıdır, yəni beynəlxalq sərhədlər keçmiş sovet respublikalarının inzibati sərhədləri olmalıdır. Bu da o deməkdir ki, bu sərhədlərin o tayına düşmüş işğalçı qüvvələr öz yerlərinə qayıtmalıdırlar. Bununla bağlı Ermənistan, belə demək mümkünsə, dörd kəndi, yaşayış olmasa da, boşaldaraq tədbirlər gördü. Azərbaycan da öz tərəfindən oxşar tədbirlər görməlidir”.

Göründüyü kimi, Fransa səfiri Azərbaycanı işğalçı tərəf kimi təqdim edir. Məgər Azərbaycan Ermənistan kəndlərini işğal edib? Göründüyü kimi, Fransa səfiri birbaşa qızışdırıcı mövqedən çıxış edir. Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

Məlumdur ki, Qərb paytaxtlarında cızılan təhlükəli ssenarinin önündə onu revanşizmə sürükləyən Fransa gedir. Bu ölkə xüsusi canfəşanlıqla üçüncü ölkələr vasitəsilə İrəvana hərbi dəstəyi artırır. Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı missiyası ilə bağlı son təxribatçı hərəkətlər də birbaşa onun tapşırığı ilə həyata keçirilir. Hərbi kolonların Azərbaycanla şərti sərhədə doğru hərəkətini əks etdirən videogörüntülərin Ermənistan sosial şəbəkə seqmentində yayılması da bu təhlükəli ssenarinin tərkib hissəsidir. Forpost ölkə isə təhlükəli planın reallaşmasına göz yumur. Rusiya rəsmiləri də bəyanatlarında bu məqama toxunurlar. Qərb dövlətləri təxribatların həm onlar üçün, həm Ermənistan üçün ciddi fəsad və təhlükə yaradacağını qeyd edirlər. Rusiyalı qafqazşünas Stanislav Tarasov hesab edir ki, Fransanın Ermənistandakı səfirinin iddiasının iki səbəbi var. Onun sözlərinə görə, birinci səbəb Fransanın erməni və regional maraqları çərçivəsindədir. Ekspert hesab edir ki, Ermənistanın hazırkı hakimiyyətinin siyasəti Fransanın regional maraqları ilə üst-üstə düşür və bu, bəlkə də Fransanın hazırkı hakimiyyətə dəstəyini ifadə etməli olması deməkdir: “Ermənistan hakimiyyətinin etməyə çalışdığı əsas məsələ Ermənistanda, deməli, regionda Rusiyanın təsirini zəiflətməkdir ki, bu da təbii olaraq Fransanın maraqlarından irəli gəlir. Fransa bu yolda yaranan ən problemli məsələlərdə Ermənistan hakimiyyətini dəstəkləyir”. Tarasov bildirib ki, Fransa üçün Praqa dördtərəfli görüşünün nəticələrindən sonra regionda baş verən və baş verəcək hər şey vacibdir, lakin Fransa hələ də belə incə məsələnin məsuliyyətini öz üzərinə götürmək istəmir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın dövründə spikerlik etmiş Levon Zurabyan isə qeyd edir: “Fransaya və onun nümayəndələrinə bütün hörmət və rəğbətimlə deməliyəm ki, bu məsələdə səfir səhv edib. Görünür, onun xəbəri yoxdur, belə olan halda mən ona məsləhət görərdim ki, həmin vaxtın sənədlərini ortaya qoysun”. O, Fransa səfirini əvvəlcə Ermənistan Ali Sovetinin Almatı Bəyannaməsində qanunsuz olsa da ratifikasiya etdiyi Qarabağla bağlı qeyd-şərtlə tanış olmağa çağırıb. Burada bir daha qeyd edək ki, müsahibəsində səfir Ermənistanın hələ 1991-ci ildə Almatı Bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Bu, erməni müxalif dairələrində narazılıq yaradıb.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan da səfirin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib: “Səfirin ya Almatıdan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o Bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişelin və ABŞ-ın o zamankı rəhbəri Co Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr, sadəcə, Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi. Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb. Fransa Prezidenti və digərləri etdiklərinə görə cavab verməlidirlər”.

Sevinc Azadi, “İki sahil”