Dövlət başçısı İlham Əliyev bu çağırışı da səsləndirir ki, hər dövrün öz tələbləri var
Dövlətimizin başçısı İlham Əliyevin «Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq» çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, hər bir yeniliyin tətbiqinin prioritetliyini təsdiqləyir. Ölkə Prezidenti çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq.
Azərbaycanda son illərdə müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər bəzi məqamlara aydınlıq gətirir. Ötən müddətdə dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradıldı, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxıldı, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırıldı və peyk xidmətlərinin ixracına başlanıldı. Onu da qeyd edək ki, milli kosmik sənayenin yaranması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf edir. Ulu Öndər hələ o zaman bugünkü müstəqil Azərbaycan dövləti üçün mühüm elmi və maddi-texniki bazanın yaradılmasına başladı. Azərbaycanda ən müasir sənaye müəssisələrinin tikilməsinə, ali hərbi məktəbin açılmasına, iqtisadiyyatın hərtərəfli inkişafına yönəlmiş tədbirlərin görülməsinə, eləcə də ölkəmizin beynəlxalq aləmdə tanınmasına nail oldu. Məhz Ulu Öndərin bütün dünya üçün yeni olan kosmos elminin görkəmli simalarının iştirakı ilə yarım əsr əvvəl ilk dəfə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresini keçirməsi bunu əyani şəkildə sübut edir. Kosmonavtika sahəsində əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi, perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsinə həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının 24-cü Konqresi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabrında Bakıda “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında keçirildi. Sözügedən tədbir Azərbaycanın bu sahədəki potensialına inamı xeyli artırdı.
Ölkəmizdə müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə isə cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra açıldı. Möhkəm təmələ əsaslanan düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Digər sahələrdə olduğu kimi, kosmik sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün oldu. Belə ki, cənab İlham Əliyev 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqındaa» Sərəncam imzaladı. 2009-cu ildə “Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqləndi. 2013-cü il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «İKT ili» elan edildi. Həmin il ilk peyk orbitə buraxıldı. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılmasına, elmi tədqiqatların aparılmasına dəstək, sosial-iqtisadi inkişafa, beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.
Ölkəmizin kosmik sənayenin inkişafında keçdiyi yola və əldə edilən uğurlara qısa baxış keçirməyimiz səbəbsiz deyil. Bütün bunlar Azərbaycanın yeni texnologiyaların inkişafına verdiyi önəmə, onların fonunda qazanılan iqtisadi inkişafa işıq salır. İqtisadiyyatın inkişafında yeni texnologiyaların rolu böyükdür. Onlar arasında zəncirvari əlaqələr mövcuddur. Bu baxımdan ki. iqtisadiyyatı inkişaf etdirən yeni ideyalardır. Bu ideyaların həyata keçirilməsi isə müasir dövrün çağırışlarına uyğun olaraq yeni texnologiyaların tətbiqinin bir zərurətə çevirir. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazandı. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində mühüm imkanlar yaratdı. 100-dən artıq ölkədən 5000 mindən çox iştirakçının qatıldığı həmin tədbirdəki çıxışında cənab İlham Əliyev bir daha bu çağırışı etdi ki, biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bütün səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəldi. Ölkəmizin hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməməsi əsas hədəf idi. Biz buna nail olduq.
«Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur» söyləyən dövlətimizin başçısı onu da bildirir ki, uğurlarla kifayətlənməyib, daim irəliyə baxmaq davamlı inkişafda böyük rol oynayır: «Ancaq mən həmişə narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. Yeni idarəetmə strukturunun olması dövrün tələbidir. Daha çevik, daha yığcam, daha məqsədyönlü idarəetmənin olması uğurların miqyasının genişlənməsində əsas faktorlardır. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün.»
Ölkə Prezidenti İlham Əliyevin dövlət orqanlarının və qurumlarının fəaliyyətinin daha səmərəli və düzgün təşkili, idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar səlahiyyətlərin daha optimal həcmdə resurs sərf edilməklə həyata keçirilməsi məqsədilə həmin dövlət orqanlarının və qurumlarının sayının, saxlanma xərclərinin və işçilərinin say həddinin optimallaşdırılmasına xidmət edən sərəncamları bir daha bu reallığı ortaya qoydu ki, idarəetmə sisteminin təkmilləşdirilməsi dövrün, zamanın tələbidir. Bu təkmilləşmə davamlı olaraq həyata keçirildikdə sosial-iqtisadi göstəricilərimiz daha böyük rəqəmlərlə ifadə olunur, Azərbaycan ən islahatçı ölkə imicinə yeni əlavələr edir. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları yeni-yeni hədəflərin müəyyənləşdirilməsini bir tələbə çevirir. Eyni zamanda, uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət» ABAD, DOST layihələri də şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Bütün hallarda Azərbaycanın yenliklərə, təkmilləşməyə nə qədər maraq göstərdiyi, bunu sözdə deyil, əməldə təsdiqlədiyi daha aydın şəkildə görünür. Müasir çağırışların yüksək səviyyədə cavablandırılması ölkəmizin qarşısında geniş imkanlar açır.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Yeniliklərin, təkmil idarəçilik sisteminin yaradılması beynəlxalq səviyyədə təqdir edilir. Bu statistik rəqəm də açıqlanır ki, işğaldan azad edilmiş ərazilərdə 3500-dən yuxarı ev təsərrüfatında genişzonaqlı internet təmin edilib. Hazırda magistral kabellərin çəkilişi işləri davam edir. Bir sözlə, Böyük Qayıdış Proqramına uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib.
Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində cənab İlham Əliyev jurnalistin «Dünyamız dəyişir, şəhərlərimiz dəyişir, təbii ki, idarəetmə sistemi də dəyişir. Azərbaycan da dünyanın bir parçasıdır və təbii ki, bu proseslərdən kənarda qalmır. Misal üçün, icra hakimiyyəti başçılarını Prezidentin xüsusi nümayəndələri əvəz edir və yaxud da böyük təşkilatları, fərdi təşkilatları vahid platformadan idarə edən holdinqlər yaradılır və sair. Sualım Sizin Sərəncamınızla bağlıdır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəyə xidmət edir və ümumiyyətlə, bu təsisatdan bizim gözləntilərimiz nədən ibarətdir» sualını cavablandıraraq bildirdi ki, son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açıldı. Uzun illər dövlət şirkətləri təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq dövlət başçısı İlham Əliyev tərəfindən bu qərar qəbul edildi və bütün şirkətlərdə, təxminən 10-a yaxın dövlət şirkətində yeni idarəetmə modeli yaradıldı və bunun müsbət tərəflərini dərhal görməyə başladıq. Uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə müraciət edən şirkətlər, strtukturlar indi gəlirlə işləyir. Qaldı ASKON qurumuna, cənab İlham Əliyev bildirdi ki, məqsəd nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Bu əminlik də ifadə edildi ki, formalaşmaqda olan bu qurum tezliklə öz səmərəliliyini göstərəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilir. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. Azərbaycan daim yeniliyə maraq göstərir. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin şəxsi nümayəndəliyinin yaradılması işin səmərəliliyinin artırılmasında öz sözünü deyir. Bu torpaqlarda yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq hazırkı dövrün əsas çağırışları sırasındadır. Nəzərə alsaq ki. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib bu halda görüləcək işlərin miqyası barədə aydın təsəvvür yaranır. Qayıdışın yeni modeli olan «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin həyata keçirilməsi bu ərazilərin sosial-iqtisadi inkişafını artırmaqla yanaşı, ölkənin müdafiə, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün böyük imkanlar yaradacaq. Azərbaycan hazırda şəhərsalmanın müasir təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir. Ölkəmizin 2022 və 2023-cü illərdə Milli Şəhərsalma forumlarına ev sahibliyi, həmçinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi etməsi barədə qərar Azərbaycanın müasir çağırışlara uyğun olaraq həyata keçirdiyi şəhərsalma işlərinə, əldə etdiyi zəngin təcrübəyə verilən qiyməti özündə ehtiva edir. Son illərdə paytaxtımızda və Azərbaycanın digər bölgələrində şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartların tətbiq edilməsi ilə davamlı inkişaf təmin edilir, bu sahədə irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan bu tədbirə ev sahibliyi ilə bir daha dünyanın diqqətini qazandığımız zəngin təcrübəyə, yeniliklərə yönəldəcək. Bu tədbir, həmçinin Azərbaycanın innovsiyalar ölkəsi imicinə yeni əlavələr edəcək.
Yeganə Əliyeva, «İki sahil»