12 mart 2025 12:23
100

Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin inkişafı

1995 –ci ildə  Azərbaycan və Şimali Makedoniya arasında qurulmuş diplomatik münasibətlər son illərdə dinamik inkişaf etmiş və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq istiqamətində mühüm addımlar atılmışdır. Ölkələrimiz coğrafi baxımdan uzaq olsa da, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək üçün səylərini davam etdirir. Enerji təhlükəsizliyi, ticarət əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir.

Cari ilin 11 mart  tarixində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana  Silyanovska-Davkovan ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində dövlət başçıları görüşərək mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova arasında keçirilən görüş iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verəcək. Görüş zamanı siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bu əməkdaşlığın perspektivlərini və gələcək planlarını aydın şəkildə göstərir. Azərbaycan və Şimali Makedoniya arasındakı ikitərəfli münasibətlərin inkişafı dinamik xarakter alır. Dövlət başçımızın  qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi dialoq getdikcə güclənir və bu, yüksək səviyyəli görüşlərin intensivləşməsində özünü göstərir.

Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyanovska-Davkova 2024- cü ildə ölkəmizdə keçirilən COP29 konfransında da fəəal iştirak etmişdir. Dövlət başçılarının  qısa müddət ərzində ikinci görüşü, ölkələrimiz  arasında diplomatik əlaqələrin daha da möhkəmləndiyinin sübutudur. Prezident İlham  Əliyev vurğulayıb ki, siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir və dövlət qurumları arasında sıx təmaslar davam etdirilməlidir. Siyasi əməkdaşlığın möhkəmlənməsi yalnız iki dövlət arasındakı münasibətləri deyil, həm də regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi və ticarət sahəsində ciddi nəticələr əldə edilməsə də, bu sahədə böyük potensial mövcuddur.

Hazırda Azərbaycan müxtəlif Avropa ölkələri ilə iqtisadi və ticarət əlaqələrini gücləndirir. Şimali Makedoniya ilə bu sahədə yeni layihələrin reallaşdırılması və investisiya imkanlarının araşdırılması vacibdir. Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli şərtlər təqdim edə bilər və Şimali Makedoniya da öz iqtisadiyyatına xarici investisiyaları cəlb etməkdə maraqlıdır.

Ticarət dövriyyəsinin artırılması, biznes əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi ölkələrimizin iqtisadi əməkdaşlığını daha da dərinləşdirəcək. İkitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də  enerji sahəsində əməkdaşlıqdır. Ölkə başçımız  bildirib ki, son ayların ən önəmli hadisələrindən biri Azərbaycanın Şimali Makedoniyaya qaz ixrac etməyə başlamasıdır.  Azərbaycan artıq Avropanın 10 ölkəsinə təbii qaz tədarük edir və bu ölkələr arasında Şimali Makedoniya da yer alır. 2023-cü ilin sonunda ilk dəfə olaraq Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılıb və 2024-cü ildə bu təchizat müntəzəm xarakter alıb.

Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlığın əhəmiyyəti artır. Xüsusilə, Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq çərçivəsində imzalanmış sənədlər bu əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyini təsdiqləyir. Azərbaycanın Avropa bazarına enerji resursları tədarük etməsi iqtisadi fayda verməklə yanaşı , regional sabitliyə də töhfə verir. Avropa ölkələri Azərbaycan qazına böyük maraq göstərir və bu əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan və Şimali Makedoniya arasında humanitar və mədəni əməkdaşlıq da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev qeyd edib ki, Şimali Makedoniya Prezidenti Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olub və bu istiqamətdə əlaqələrin genişlənməsi üçün böyük potensial mövcuddur. İki ölkənin humanitar sahədə əməkdaşlığı mədəniyyətlərarası dialoqu gücləndirmək baxımından vacibdir. Şimali Makedoniya Prezidentinin XII Qlobal Bakı Forumunda iştirak etməsi və Azərbaycan tələbələri ilə görüş keçirməsi bu əməkdaşlığın daha da inkişafına təkan verəcək.

Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanınmış humanitar platformalarından olduğunu bir daha göstərir. Şimali Makedoniya Prezidentinin bu tədbirlərdə iştirakı iki ölkənin intellektual və akademik əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcək.   

Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əlaqələrin güclənməsi hər iki ölkə üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin bəyanatında vurğulanan məsələlər göstərir ki, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər dostluq və qarşılıqlı maraqlara əsaslanır. Son illərdə siyasi, iqtisadi və enerji sahələrində mühüm irəliləyişlər əldə olunmuşdur. Gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edəcək və regional inkişaf prosesinə töhfə verəcəkdir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini