12 mart 2025 16:26
175

Azərbaycan-Şimali Makedoniya: geopolotik mövqelər, regional maraqlar və strateji əməkdaşlığın yeni mərhələsi

Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova arasında keçirilən görüş, Azərbaycan və Şimali Makedoniya arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından çox əhəmiyyətli bir hadisədir. İki ölkə liderinin görüşü və birgə mətbuat bəyanatının təhlili, əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını göstərir. Bu görüş, xüsusən də hər iki dövlətin geopolitik mövqeləri və regional maraqları nəzərə alındıqda, daha xüsusi bir əhəmiyyət kəsb edir.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Azərbaycan və Şimali Makedoniya prezidentlərinin görüşü: geopolotik mövqelər, regional maraqlar və  strateji əməkdaşlığın yeni mərhələsi ” sərlövhəli təhlilində yer alıb. 

“İki sahil” məqaləni təqdim edir.

Görüşün əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova arasında keçirilən görüşdə hər iki tərəf münasibətlərin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret addımlar atılacağını vurğuladı. Prezident İlham Əliyev, Azərbaycanın Şimali Makedoniya ilə əlaqələrinə böyük önəm verdiyini və iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu qeyd etdi. Şimali Makedoniya Prezidenti Davkova isə, Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq aləmdəki nüfuzunu yüksək qiymətləndirdi və bu sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdi.

Birgə mətbuat bəyanatı

Görüşün sonunda verilən birgə mətbuat bəyanatında, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir neçə mühüm mövzuya toxunuldu. Prezidentlər İlham Əliyev və Qordana Silyanovska Davkovanın birgə bəyanatı, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə dair konkret addımların atılacağına dair əminlik verir. İki ölkə arasında iqtisadi, siyasi, enerji və mədəni sahələrdəki əməkdaşlıq, həm Cənubi Qafqaz, həm də Balkanlar bölgəsində daha geniş bir strateji əlaqənin qurulmasına zəmin yaradır. Bu əməkdaşlığın davamı, hər iki ölkənin inkişafını dəstəkləyərək, onların beynəlxalq arenada daha möhkəm mövqe tutmasına imkan verəcəkdir.

Bəyanatda, iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsi zəruriliyi vurğulandı. Eyni zamanda, Azərbaycanın enerji təchizatını və nəqliyyat infrastrukturunu, turizm imkanlarını nəzərə alaraq, Şimali Makedoniya ilə daha sıx əməkdaşlıq qurulması qərara alındı.

Birgə bəyanatda, həmçinin regional təhlükəsizlik məsələlərinə, o cümlədən Cənubi Qafqaz və Balkanlar regionlarında sülh və stabilliyin təmin edilməsi məqsədilə əməkdaşlığın artırılması çağırışı edildi. İki ölkə arasında dplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinə son qoyacağı səsləndirildi. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkovanın çıxışında Azərbaycanın güçü xüsusi vurğulanaraq əməkdaşlığın perspektivləri yüksək qiymətləndirildi: “Prezidentə söylədiyim sonuncu fikir ondan ibarət idi ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır. Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik”. Bu fikirlər, Şimali Makedoniyanın Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətini göstərir.

Əməkdaşlığın perspektivləri: iqtisadi və ticari əməkdaşlıq

İki ölkə arasında iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın perspektivləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, böyük enerji ehtiyatlarına malik bir ölkə olaraq, bu sahədə Şimali Makedoniya ilə əməkdaşlığını daha da inkişaf etdirməyi hədəfləyir. Eyni zamanda, Azərbaycan Şimali Makedoniyanın Avropa İttifaqı ilə əlaqələrini gücləndirmək üçün müsbət bir tərəfdaş ola bilər. Bu sahədə ticarət dövriyyəsinin artırılması və müştərək layihələrin həyata keçirilməsi, hər iki ölkənin iqtisadi potensialını birləşdirərək daha da irəliləməyə imkan verəcəkdir.

Şimali Makedoniya isə Azərbaycanın inkişaf etdiyi infrastruktur sahəsində təcrübəsindən faydalana bilər. Azərbaycan, xüsusilə nəqliyyat və logistika sahələrindəki inkişafı ilə Şimali Makedoniya üçün əlverişli tərəfdaşdır. İki ölkə arasındakı ticarət əlaqələrinin inkişafı, regional və beynəlxalq bazarlarda hər iki ölkənin mövqeyini gücləndirəcək.

Enerji və nəqliyyat sahəsində perspektivlər

Azərbaycan, enerji sahəsində xüsusilə qaz və neft ixracı ilə tanınır və Şimali Makedoniya üçün bu sahədə bir çox imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirmək və Şimali Makedoniya ilə bu sahədə əməkdaşlıq qurmaq niyyəti, ikitərəfli münasibətlərin inkişafında mühüm bir yer tutur.

Nəqliyyat sahəsində isə, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu və digər regional nəqliyyat layihələri, Şimali Makedoniya üçün strateji əhəmiyyət kəsb edə bilər. Bu, həm də Cənubi Qafqaz və Balkanlar arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına şərait yaradır. İki ölkənin nəqliyyat infrastrukturunu birləşdirmək, hər iki tərəf üçün daha geniş bazarlara çıxış imkanı yaradacaq.

Regional təhlükəsizlik və siyasi əməkdaşlıq

Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq yalnız iqtisadi sahələrlə məhdudlaşmır, həm də siyasi və regional məsələlərdə sıx əməkdaşlıq etməyi hədəfləyir. Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Hər iki Prezident, regional sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu sahədə bir-birini dəstəkləyəcəklərini bəyan etdi.

Şimali Makedoniya, Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edən bir ölkə olaraq, Azərbaycanın bu təşkilatlarla əlaqələrində də faydalı tərəfdaş ola bilər. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi, onların dünya səhnəsindəki mövqeyini gücləndirə bilər.

Təhsil və mədəni əlaqələr

İki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı anlaşma və dostluq münasibətlərini daha da möhkəmləndirə bilər. Şimali Makedoniya və Azərbaycanın universitetləri arasında əməkdaşlıq, mübadilə proqramları və mədəniyyətlərarası dialoq, gənc nəsillər arasında əlaqələrin qurulmasına və dostluğun möhkəmlənməsinə imkan verəcəkdir.