12 mart 2025 18:01
147

Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur

Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Şimali Makedoniya ilə əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə etdiyi səfər də bunu təsdiq edir.

Son aylarda Azərbaycan ilə Şimali Makedoniya arasında energetika sahəsində əməkdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətli addım hesab olunur. Azərbaycan qazı artıq bu ölkənin bazarına çatdırılmış və ikitərəfli əməkdaşlıq müntəzəm xarakter almağa başlamışdır.  Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, regionda sabitliyin və dayanıqlı inkişafın qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı cari ildə Azərbaycan və Şimali Makedoniya arasındakı ticarət dövriyyəsinin iki dəfə artacağı da gözlənilir. Kənd təsərrüfatı, nəqliyyat və texnologiya sahələrində geniş potensial mövcuddur və hər iki ölkə qarşılıqlı investisiyaları təşviq etməyə hazırdır. Azərbaycan şirkətləri Şimali Makedoniyada yeni layihələrə maraq göstərir, xüsusilə enerji və logistika sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilir.

Xalqlar arasında humanitar əməkdaşlıq da ikitərəfli münasibətlərin vacib istiqamətlərindəndir. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın zəruriliyini vurğulamış, Şimali Makedoniya Prezidentinin mədəni tədbirlərdə iştirakını yüksək dəyərləndirmişdir: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm”.

İki xalq arasında yaxınlaşmanı sürətləndirən əsas amillərdən biri də mədəni və humanitar əlaqələrdir. Hazırda 100-dən çox tələbə iki ölkənin universitetləri arasında mübadilə proqramlarında iştirak edir. Bakı və Skopyedə təşkil edilən mədəniyyət festivalları, sərgilər və musiqi tədbirləri xalqlar arasında dostluq körpüsünü daha da gücləndirir.

Bu mədəni əlaqələr, xalqların bir-birini daha yaxşı tanımasına və ortaq dəyərlər ətrafında birləşməsinə şərait yaradır. Azərbaycan və Şimali Makedoniya arasındakı mədəni əlaqələr diplomatik münasibətləri daha da möhkəmləndirərək xalqların uzunmüddətli dostluğuna töhfə verir. Beləliklə, əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri Bakı ilə Skopye arasında əlaqələrimizin genişlənməsinə mühüm təkan verəcək.

Anar Məmmədov,

Milli Məclisin deputatı