13 mart 2025 11:49
148

Atılan addımlar xalqlarımız arasında yaxınlaşmaya xidmət edir

Azərbaycan müstəqil, çoxşaxəli xarici siyasət həyata keçirir. Xarici siyasətimizin əsas tərkib hissələrindən biri də Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin  genişləndirilməsidir. Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri bu məqamlara bir daha işıq saldı.

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Azərbaycanın zəngin enerji ehtiyatları, xüsusilə neft və qaz sahəsindəki təcrübəsi, Şimali Makedoniya ilə enerji təhlükəsizliyinin təmin edilməsi və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından faydalıdır. Azərbaycan Şimali Makedoniyanın enerji ehtiyaclarını qarşılayaraq, bu ölkəyə qaz ixrac edə bilər. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur.

Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şimali Makedoniyanın Prezidenti ilə mətbuata bəyanatında  “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz” deyən Prezident İlham Əliyev vurğuladı ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz.

Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Səfərin əhəmiyyətinə gəldikdə belə ümumiləşdirmə apara bilərik ki,  əlaqələr Azərbaycanın iqtisadi, siyasi və diplomatik mövqeyini daha da möhkəmləndirəcək,  həmçinin yeni əməkdaşlıq sahələri üçün imkanlar yaradacaq.  Azərbaycanın zəngin enerji ehtiyatları, xüsusən də qaz və neft resursları Şimali Makedoniyanın enerji tələbatının  ödənilməsinə kömək edəcək. Bu isə Makedoniya üçün daha etibarlı və davamlı enerji mənbələri təmin edəcək. Şimali Makedoniyanın Prezidenti bildirdi ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Biz irəliyə doğru addımın atılmasını gözləyirik,  əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq.

Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. İki ölkənin münasibətlərində yeni mərhələ başlayır. Qordana Silyanovska-Davkova bildirdi ki, atılan addımlar  iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik. Azərbaycan, hətta,  təyyarədən belə çox gözəl görünür, ölkəniz ilə əyani tanışlıqda isə o, insanı valeh edir. Bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir.

Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri  Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişafını təmin edəcək.

Həbib Cəfərov,
​YAP Astara rayon təşkilatının sədri