14 mart 2025 13:14
105

XII Qlobal Bakı Forumu qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir - EKSPERT

Hər il Bakıda keçirilən Qlobal Forum beynəlxalq dialoq və sosial-humanitar məsələlərin müzakirə edildiyi platforma kimi Azərbaycanın beynəlxalq arenada imicinə müsbət təsir göstərir. Bu platforma iqtisadi müstəvi kimi, xalqların rifahı və sosial bərabərlik, rifah və firavanlıq kimi istiqamətləri özündə cəmləşdirir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsidir.

Bu fikirləri “İki sahil” ə açıqlamasında politoloq  Züriyyə Qarayeva bildirdi.

Ekspert qeyd etdi ki, builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Təsadüfi deyil ki, Şərqi Avropa regionunda baş verən geosiyasi və geoiqtisadi tənəzzül fonunda Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, pandemiya dövründə Azərbaycanın nisbətən yoxsul ölkələrə göstərdiyi dəstək, ərzaq təhlükəsizliyi və su qıtlığı ilə mübarizədə Azərbaycanın məsuliyyətli siyasət çağırışları və sair beynəlxalq ictimaiyyətin diqqətinin xüsusən son illərda daha çox Bakıya yönəlməsinə səbəb olub. 

Züriyyə Qarayeva qeyd etdi ki, XII Qlobal Bakı Forumunun nəticələri və beynəlxalq müzakirə üçün yeni çağırışlar formalaşdıracağı şübhəsizdir: "Azərbaycanın təşəbbüsü əsasında həyata keçirilən iqtisadi, sosial və humanitar mövzular üzrə müzakirələr ölkəmizin imicinə daha da müsbət təsir edəcək."

Şəmsiyyə Əliqızı, “İki sahil”