Narkomaniya bəşəriyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biridir. Onun qarşısının alınması üçün dövlətin, cəmiyyətin və hər bir fərdin ortaq səyi vacibdir. Maarifləndirmə, hüquqi tədbirlər, reabilitasiya xidmətləri və beynəlxalq əməkdaşlıq bu mübarizənin əsas dayaqlarıdır. İnsanlar narkotiklərin yaratdığı təhlükələr barədə məlumatlı olduqda bu bəladan qaçmaq və cəmiyyətin sağlam gələcəyini qorumaq daha asan olur.
Müasir dövrün ən təhlükəli sosial problemlərindən birinin qarşısını almaqda əsas yanaşmalardan biri insanları narkotiklərin yaratdığı təhlükələr barədə məlumatlandırmaq və bu məsələyə qarşı həssaslığı artırmaqdır. Cəmiyyətin narkotiklərə qarşı düzgün yanaşması və mübarizədə fəal olması çox önəmlidir. Məlumatlı insanlar narkotiklərə qarşı daha güclü müqavimət göstərir və zərərli vərdişlərdən uzaq dururlar. Xüsusilə, gənclərin sağlam həyat tərzi seçməsi və narkotiklərdən uzaq durması üçün maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda narkomaniyaya qarşı mübarizə
Azərbaycanda narkomaniyanın qarşısının alınması üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Hüquqi tədbirlər çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi cəzalar tətbiq edilir. Hüquq-mühafizə orqanları narkotiklərlə bağlı cinayətlərin qarşısını almaq məqsədilə mütəmadi reydlər və əməliyyatlar həyata keçirir. Maarifləndirmə tədbirləri çərçivəsində məktəblərdə, ali təhsil müəssisələrində və iş yerlərində seminarlar və təlimlər təşkil olunur. Gənclər arasında sağlam həyat tərzinin təbliği xüsusi diqqət mərkəzindədir. Reabilitasiya mərkəzləri narkomaniyadan əziyyət çəkən şəxslərə tibbi və psixoloji dəstək göstərir, cəmiyyətə reinteqrasiya üçün peşə hazırlığı proqramları təqdim edir. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək məlumat mübadiləsi və təcrübə paylaşımı vasitəsilə qlobal səviyyədə mübarizə tədbirlərini dəstəkləyir.
Azərbaycanda dövlət siyasətinin əsasını insan amili təşkil edir və Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığını hər zaman vurğulayır. Azərbaycanın gələcəyi olan gənclərimizə isə diqqət və qayğı daha da artırılır. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə müsbət təsir göstərir. Gənclərdə idmana marağın artırılmasında, mədəni-kütləvi tədbirlərin sayının çoxalmasında, Olimpiya İdman komplekslərinin inşasında məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşmasına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı" milli təhlükəsizlik və ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edib. Bu proqramda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) əsas icraçılardan biri kimi mühüm rol oynayıb.
Təmiz idman və sağlam gələcəyin təmin edilməsində AMADA-nın rolu
AMADA narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə əsas fəaliyyət istiqamətlərini müəyyən etmiş və onları həyata keçirməyi qarşısına məqsəd qoymuş, bu istiqamətdə fəaliyyətini 2024-cü ildə də davam etdirmişdir. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına zərəri, onların yaratdığı fəsadlar və təhdidlər haqqında idmançıları (o cümlədən azyaşlı və idman məktəblərində təhsil alan idmançıları) məlumatlandırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilmiş, habelə davamlı məlumatın əldə olunması üçün potensial məlumat verənlər arasında təhlükəsiz platformanın təşviqi davam etdirilmişdir.
Narkotiklərlə mübarizə sahəsində qarşıda duran vəzifələri və öhdəlikləri yerinə yetirmək üçün AMADA mövcud beynəlxalq təcrübənin tətbiqi məqsədilə təmiz idmanın təşviqində yüksək nailiyyətlərə və uğurlu strategiyaya malik beynəlxalq qurumlarla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə mübarizə istiqamətində əlaqələri davam etdirmişdir. AMADA bu sahədə Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə sıx əməkdaşlığı davam etdirmiş, xüsusilə də narkotiklərin mənfi nəticələri barədə təlim materialları hazırlayarkən WADA-nın təcrübəsini yaxından öyrənmiş və tətbiq etmişdir. Agentlik Dövlət Proqramı çərçivəsində dəyirmi masalar keçirmiş, psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğu təşkil etmiş, Avropanın Profilaktika üzrə Tədris Proqramının təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunmuşdur.
Ötən il AMADA tərəfindən qadağan olunmuş maddələr, o cümlədən narkotik vasitələrlə mübarizə istiqamətində maarifləndirmə məqsədilə idman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 79 tədbir təşkil edilmişdir. Maarifləndirmə tədbirləri paytaxtla yanaşı, regionları da əhatə etmişdir. Ümumilikdə bu tədbirlər təxminən 3074 şəxsi əhatə edərək onların maarifləndirilməsi təmin olunmuşdur. Bu tədbirlərdə idmançılarla təmiz idman dəyərləri, dopinqin, narkotik və psixotrop maddələrin qadağan edilməsi, idmanda ədalət prinsipi, antidopinq nəzarətinin əhəmiyyəti və ümumi antinarkotik təbliğat işləri aparılmışdır.
Narkotiklərlə mübarizə sahəsində qarşıda duran vəzifələri və öhdəlikləri yerinə yetirmək üçün AMADA narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları ilə mübarizə istiqamətində hüquq-mühafizə və digər qurumlarla əlaqələrin genişləndirilməsi üçün mütəmadi olaraq fəaliyyəti davam etdirmişdir.
Narkotiklər və idman: əsas risklər
İdmançılar dürüst və ədalətli yarış şəraitində iştirak etmək hüququna malikdirlər. Lakin narkotik vasitələrdən istifadə bu prinsipi pozur, idmançının sağlamlığına ciddi ziyan vurmaqla yanaşı, yarışlarda qeyri-bərabər şərait yaradır. Bundan əlavə, narkotiklərin təsiri altında olan idmançılar daha çox zədələnmə riski ilə üzləşir, diqqət və reaksiya sürətləri azalır. Bu isə onların karyerasına və idman etikasına mənfi təsir göstərir.
Narkotiklərin fəsadları yalnız fərdi idmançılara deyil, bütövlükdə idman sahəsinə və cəmiyyətə təsir edir. Ona görə də AMADA-nın təşkil etdiyi dəyirmi masalar və maarifləndirici proqramlar idmançıların hüquqlarını qorumaq və onları dopinq təhlükəsindən uzaq tutmaq üçün mühüm platformalardır.
Sağlam gələcək üçün birgə mübarizə təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin təhlükələrə qarşı müqavimətini artırır. AMADA-nın fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirlər narkotiklərə qarşı kollektiv şüurun formalaşmasına və sağlam gələcəyin qurulmasına töhfə verir. Hər bir insan bu mübarizədə öz rolunu anlamalı, narkotiklərə qarşı mübarizədə bilikli və məsuliyyətli mövqe tutmalıdır. Sağlam cəmiyyətin qurulması hər birimizin əlindədir!
Səxavət Quliyev,
Azərbaycan Milli Antidopinq Agentliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri