18 mart 2025 10:57
106

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilir

Martın 18-də Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki,  forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri keçiriləcək. Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq, təkliflər dinlənəcək.

Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi beş gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib. Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.

Türkmanlar Qarabağda yolboyu Kərkük şərqiləri də ifa ediblər.

Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.