Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Poznan şəhərində yerləşən Adam Mitskeviç Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə bu ali təhsil ocağında təhsil alan azərbaycanlı, eləcə də polyak və xarici tələbələr iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Novruz bayramının ölkəmizdə qədim zamanlardan bəri qeyd olunduğunu, bu bayramın özünəməxsusluğu ilə seçildiyini, Novruzun yeni gün, yeni həyat mənasını daşıdığını, Novruzda həyatın canlandığını qeyd edib. O, Novruz adətlərindən bəhs edərək bu bayramın Azərbaycan poeziyasında silinməz izlər buraxdığını, dahi Nizaminin “Xəmsə”sində Novruzla bağlı adətləri qələmə aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Adam Mitskeviç Universitetin prorektoru Rafal Vitkovski ali təhsil ocağında çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığına diqqət çəkərək, onların Novruz bayramının birgə qeyd edilməsi təşəbbüsünə belə ruh yüksəkliyi ilə qoşulmasını təqdirəlayiq hal kimi qiymətləndirib və iştirakçıların Novruz bayramını təbrik edib.
Azərbaycanlı və xarici tələbələrin ifasında Azərbaycan mahnıları və rəqs nümunələri, habelə ölkəmizin zəngin mədəniyyəti, o cümlədən Novruz adət-ənənələri ilə bağlı təqdimatlar iştirakçılar tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.
Bununla yanaşı, səfirliyin dəstəyi ilə Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi ilə birgə Varşava şəhərində yerləşən Asiya və Sakit Okean Muzeyində sözügedən Mərkəzin rəhbəri Şəhla Kazımova “Azərbaycan Novruz: ənənə və rəmzlər” mövzusunda məruzə ilə çıxış edib. İştirakçılara Novruz bayramının tarixi, çərşənbələr, Novruz süfrələri və digər Novruz adətləri barədə məlumat verilib.
Tədbirlərin sonunda qonaqlara səfirlik tərəfindən hazırlanmış Novruz xonçaları təqdim edilib.