21 mart 2025 16:16
128

Qazaxdakı poeziya evində tədbir keçirilib

Bu gün Azərbaycanın ilk xalq şairi, görkəmli dramaturq, alim, tanınmış ictimai xadim Səməd Vurğunun doğum günüdür. Bu dahi şəxsiyyətin adı çəkiləndə ilk anda onun “Azərbaycan” şeiri yada düşür. Şairi xalqa sevdirən onun şeirlərindəki sadəlik və səmimilik, əsərlərini xalq dilində qələmə almasıdır.

“İki sahil” xəbər verir ki, Səməd Vurğun sevərlər bu gün onun doğulub, boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndindəki poeziya evinə toplaşıblar. Öncə şairin abidəsi ziyarət edilib, önünə əklillər, gül dəstələri düzülüb. Daha sonra poeziya evində onun ədəbi işığına toplaşanlar bir daha bu dahi şəxsiyyətin yaradıcılığına, onun keçdiyi ömür yoluna nəzərə salıblar.

Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal Səməd Vurğunun yaradıcılığına diqqət çəkərək, onun zəngin peoziyasından bəhs edib. Bildirib ki, 50 il yaşamasına baxmayaraq, Səməd Vurğun gələcək nəsillər üçün zəngin ədəbi irsi qoyub. Bir çox qələm sahibi onun yaradıcılığından ilham alaraq bu gün poeziyaya üz tutur.

Çıxışçılardan filologiya elmləri doktoru, professor Valeh Nəsibov qeyd edib ki, Səməd Vurğun bu gün daha çox sevilir. Çünki o, özündən sonra elə bir irs qoyub ki, sevilməyə bilməz. Səməd Vurğun öz torpağını, Azərbaycan xalqını sevə-sevə yaşayıb, yaradıb və bu gün də xalqı onu sevir. Səməd Vurğun heç zaman unudulmayacaq. Vurğulanıb ki, Yuxarı Salahlı kəndini hamı dahi şairin yurd yeri kimi tanıyır. Kəndə daxil olar-olmaz yol kənarında ölməz sənətkarın abidəsini görüb, istər-istəməz ayaq saxlamaq, poeziya evində Vurğun dünyası ilə tanış olmaq istəyirsən. Poeziya evi şairin 70 illik yubileyi münasibətilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Xalq şairi Səməd Vurğunun poeziya evində bu gün 1500-dən çox eksponat sərgilənir. Burada təkcə şairin özünün deyil, ailə üzvlərinin, oğlanlarının da şəxsi əşyaları qorunur.

Tədbirdə şairin şeirləri səsləndirilib. Ziyalılar Səməd Vurğunun ədəbiyyatımızda xüsusi yerindən bəhs edərək, bu gün də onun əsərlərinin dünyada sevilərək oxunduğunu, öyrənildiyini bildiriblər. Həmçinin şairin şeirlərinə bəstələnən saz havaları ifa olunub.