21 mart 2025 19:14
106

CHP fövqəladə qurultaya gedir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl aprelin 6-da partiyasının fövqəladə qurultaya gedəcəyini açıqlayıb.

“İki sahil” “Sözcü TV”yə istinadla xəbər verir ki, bu barədə siyasətçi mətbuata açıqlamasında bildirib.

“Aprelin 6-da CHP-nin nümayəndələri fövqəladə qurultayda Atatürkün qurduğu partiyaya qəyyum təyin etməyə belə cəhd edənlərə inad iradələrini bildirəcəklər”, – o, qeyd edib.

Özəl qeyd edib ki, partiya qarşıdan gələn partiyadaxili seçkilərə (praymeriz) əngəl olmaq cəhdləri ilə üzləşib:

“Biz bazar günü keçiriləcək seçkiləri pozmaq üçün CHP-yə qəyyum (xarici idarəçi – red.) təyin etmək üçün yeni bir cəhd gördük. Lakin səlahiyyətlərimdən istifadə edərək 15 gün sonra – 6 apreldə fövqəladə qurultay keçirmək qərarına gəldim. Bu, partiya üzərində xarici nəzarətin təyin edilməsi planlarının həyata keçirilməsinə imkan verməyəcək”.

Bundan başqa, Özəl fövqəladə qurultayda partiya sədri seçkilərində özünün də iştirak edəcəyini təsdiqləyib: “İstəyən hər kəs namizədliyini irəli sürə bilər. Bu, demokratik bir yarış olacaq. Amma mən də seçkilərə gedirəm”.