21 mart 2025 23:25
147

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

Türkiyənin cənub-şərqindəki Şirnak vilayətinin Qabar dağı ərazisindəki ən böyük “qara qızıl” yatağında neft hasilatı sutkada 80 min barelə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankarada bildirib.

Energetika nazirinin sözlərinə görə, 2016-cı ildən Türkiyədə neft hasilatının həcmi təxminən 3 dəfə artıb. Bayraktar xatırladıb ki, Şirnakdakı yataqların kəşfiyyatı 2021-ci ildə başlayıb. Üstəlik, RKK terrorçularından təmizlənmiş ərazidə ölkə tarixində ən böyük neft ehtiyatları aşkar edilib.

Nazir əmin edib ki, yataqların kəşfiyyatı Türkiyənin həm quruda, həm də dəniz zonasında davam etdiriləcək. O, Türkiyənin 12 min metrə qədər dərinlikdə qazma apara bilən gəmilərə malik olmasına diqqət çəkib.

Energetika naziri daha əvvəl bəyan etmişdi ki, Türkiyənin neftə ehtiyacı sutkada 1 milyon barel səviyyəsində qiymətləndirilir.