23 mart 2025 08:48
170

Neft sızması Ekvadorun ən böyük su elektrik stansiyasına təhlükə yaradıb

Ekvadorun şimalında, Koka çayı üzərində yerləşən, ölkənin ən böyük su elektrik stansiyası (SES) olan “Coca Codo Sinclair” yaxınlığında neft sızması baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Energetika və Bərpa Olmayan Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

“Nazirlik bildirir ki, bu şənbə, 22 mart 2025-ci il tarixində, təxminən saat 06:00-da (Bakı vaxtı ilə saat 15:00) Napo əyalətinin El Çako kantonunun San-Fransisko-de-Borja sektorunda Şuşufindi-Kito boru kəmərindən neft sızması qeydə alınıb”, - nazirliyin açıqlamasında bildirilir.

Nazirlikdən bildirilib ki, dövlətə məxsus Ekvador Elektrik Korporasiyası (CELEC) və “Petroecuador” şirkətinin mütəxəssisləri su elektrik stansiyasının infrastrukturunu neftdən qorumaq üçün tədbirlər görür. "Coca Codo Sinclair” işləyir və milli şəbəkəyə 1100 MVt töhfə verir. Yaxın saatlarda stansiyanın elektromexaniki infrastrukturunu qorumaq üçün bağlanıb-bağlanmaması ilə bağlı qərar veriləcək", - qurum bildirib.

Nazirliyin bəyanatında insident “hücum və dövlət infrastrukturuna qəsdən ziyan vurmaq cəhdi” adlandırılıb. Agentlik çaya nə qədər neftin daxil olduğunu dəqiqləşdirməyib.