23 mart 2025 16:11
308

Antisanitar vəziyyətdə satış təşkil olunan bazar - Xudat bazarı

Ətraf yaşayış olan ərazilərdə yaşayan insanlara məsafəcə yaxın olan Xudat bazarındakı vəziyyətin dillərdə danışılanlardan, uzaqdan eşidilənlərdən də pis vəziyyətdə olduğunun yerində şahidi olduq.

Burada sözün həqiqi mənasında yiyəsini tanımayan itlər, yerə sərilmiş vəziyyətinə nifrət edən balıqlar, "yığılmasaydım heç olmasa atmosferə oksigen bəxş edərdim" deyən göyərtilər, kəsilməsindən peşman olub rəng verib, rəng alan asılmış inək ətləri, daha nələr, nələr...

Burada satan da, alan da, satılan da peşmandır. Çünki, satana normal şərait yaradılmır, alan da çarəsizlikdən alır, satılan da şəraitindən asılı olmayaraq satışa məhkumdur!

Qiymətlər "ceyran belində", pul da ki atlı. Qaç ha qovun da sonu pulla alınan infeksiyaların daşındığı evlər.

Bu antisanitar vəziyyətə "nəzarət edən" bazar rəhbərliyini axtarsaq da tapa bilmədik.

Müvafiq qurumların ən azından hansısa əməkdaşı bəlkə də sıravi vətəndaş kimi buradan keçməmiş, nəsə almamış olmaz. Bəlkə də olmaya bilər. Nəyinə lazımdır belə yerdən keçmək, nəsə almaq?! Geniş, rahat, "Super market"lər olan yerdə belə bazarlara nə ehtiyac var ki?!

Antisanitar, gigiyenik normaların pozulmasının bir şahidi biz olduq. Heç olmasa heç kim deyə bilməz ki, "Bizim xəbərimiz olmayıb".

Aydın Adıgözəlov, "İki sahil" üçün