23 mart 2025 19:27
179

Vulin: Serbiyada etirazlar yaxın günlərdə daha radikal hal ala bilər

Serbiyada etiraz aksiyaları yaxın günlərdə daha radikal ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Serbiyanın baş nazir müavini Aleksandar Vulin söyləyib.

“İlk öncə vurğulamaq istəyirəm ki, etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Lakin onları idarə edənlər Qərbin nəzarəti altındadır. Aksiyaların yaxın günlərdə radikallaşacağını gözləyirəm”, – o deyib.

Bununla yanaşı, respublikanın baş nazir müavini vurğulayıb ki, Serbiyanın güc strukturları “ölkəni qorumaq üçün yetərincə güclüdür”.

“Həmçinin gözləyirəm ki, yeni hökumətin formalaşmasından sonra vəziyyət tam nəzarətə götürüləcək”, – siyasətçi bildirib.

Daha əvvəl Vulin Serbiyadakı etirazların təşkilatçısının Trampın əleyhdarı olan “dərin dövlət” və Avropanın bir neçə xüsusi xidmət orqanı olduğunu iddia etmişdi.

Xatırladaq ki, 2024-cü il noyabrın 1-də Serbiyanın Novi-Sad şəhərindəki dəmir yolu vağzalında konstruksiyanın çökməsindən sonra respublikada hökumətə qarşı etiraz aksiyaları başlayıb və bu günədək davam edir. Etirazçılar faciəyə görə iqtidarı günahlandırırlar.