23 mart 2025 23:23
197

Kanadada növbədənkənar parlament seçkilərinin tarixi müəyyənləşib

Kanada Baş naziri Mark Karni aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təyin edildiyini elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Kanadanın hökumət başçısı vətəndaşlara xüsusi müraciətində bildirib.

“Mən indicə Kanada general-qubernatoru Meri Saymonu parlamentin buraxılması və seçkilərin 28 aprel tarixinə təyin edilməsi ilə bağlı müraciət etdim. O razılaşdı”, –Karni söyləyib.

Baş nazir izah edib ki, növbədənkənar seçkilərin keçirilməsi qərarı ölkə iqtisadiyyatındakı problemləri qısa müddətdə həll etmək və Amerika administrasiyasının tarif siyasətinə reaksiya vermək zərurətindən irəli gəlib. Karninin sözlərinə görə, bunun üçün ona və hökumətinə əhalinin “güclü dəstəyi” lazımdır.

Qeyd edək ki, general-qubernator Böyük Britaniya Kralının Kanadadakı nümayəndəsidir, federal səviyyədə mərasim və simvolik funksiyaları yerinə yetirir. O, monarx tərəfindən təyin edilir və kral və ya kraliçanın olmadığı təqdirdə dövlət başçısının vəzifələrini yerinə yetirir.