Xaricdə fəaliyyət göstərən alman şirkətlərinin üçdə ikisi ABŞ-ın ticarət siyasətinin onların biznesinə mənfi təsir edəcəyini düşünür. Hər iki şirkətdən biri ABŞ-ın gömrük tariflərini ciddi yük kimi dəyərləndirib.
“İki sahil” “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, Alman Sənaye və Ticarət Palatasının (DIHK) keçirdiyi sorğuda iştirak edən təxminən 2600 şirkətdən 58 faizi ötən il ticarət məhdudiyyətləri ilə qarşılaşdıqlarını bildirib. Bu rəqəm əvvəlki illə müqayisədə bir qədər yaxşılaşsa da, ABŞ bazarında fəaliyyət göstərən şirkətlərin vəziyyəti daha da çətinləşir. Belə ki, şirkətlərin 70 faizi ABŞ Prezidenti Donald Trampın gömrük siyasətinin mənfi nəticələr verəcəyini gözləyir.
Tramp Administrasiyasının getdikcə sərtləşən ticarət siyasətinin ABŞ ilə əsas ticarət tərəfdaşları arasında gərginliyi artıracağı gözlənilir. Donald Trampın avtomobil idxalına 25 faiz həcmində gömrük rüsumunun tətbiqi ilə bağlı açıqlaması və Avropa İttifaqı ilə Kanada üçün əlavə ticarət maneələrinin gündəmə gəlməsi vəziyyəti daha da çətinləşdirir.
Alman şirkətləri, həmçinin daxili bazarlarda – Almaniya və Avropada da bir sıra çətinliklərlə üzləşir. Sorğuda iştirak edən şirkətlərin dörddə üçü biznes fəaliyyətlərinin bürokratik maneələr, tədarük zənciri ilə bağlı hüquqi tələblərdəki qeyri-müəyyənliklər, Avrpa İttifaqının karbon qazı xərclərini tarazlaşdırmaq üçün tətbiq etdiyi sistemlə əlaqədar xeyli çətinləşdiyini bildirib.