Etnik təmizləmə siyasəti dünya düzənində planlı şəkildə həyata keçirilən və bu siyasət nəticəsində minlərlə insanın həyatını, öz doğma yurd-yuvasını itirdiyi ən acımasız siyasətdir ki, Azərbaycan xalqı da bu siyasətdən yan keçə bilməyib. Tarixin səhifələrində müxtəlif vaxtlarda xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti illər keçsə də hər zaman xatırlanır və bu siyasətin dünya birliyində ədalətli qiymət alması yönündə davamlı işlər aparılır.
1918-ci ilin martında təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım və deportasiya siyasəti öz miqyasına və əhatə dairəsinə görə fərqlənib. Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda və digər bölgələrimizdə minlərlə insanın qətlə yetirilməsi ilə nəticələnən soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb.
1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən fotonşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.
Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar;
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla mart ayının 31-i “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik”.
Ulu öndər Heydər Əliyev siyasətini davam etdirən Cənab Prezident İlham Əliyev xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin bərqərar olması məqsədi ilə Quba Soyqırım Memorial Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalaması Azərbaycan xalqının tarixi keçmişinə verdiyi qiymətdir.
Mətanət Səfərli
YAP Nəsimi rayon təşkilatının əməkdaşı