07 aprel 2025 10:56
169

Görünməyən səbəblər: Autizm uşaqlarda necə və niyə yaranır?

Autizm Spektr Pozuntusu (ASP) neyroinkişaf pozuntusu olub, uşağın sosial bacarıqları, ünsiyyət qurmaq qabiliyyəti və davranışlarında fərqliliklərlə müşahidə olunur. Müasir elmi tədqiqatlara əsasən, autizmin konkret bir səbəbi olmasa da, bir neçə amil onun yaranmasında rol oynaya bilər. Bu səbəblər əsasən genetik və ətraf mühit faktorları ilə əlaqələndirilir.

1. Genetik faktorlar
Tədqiqatlar göstərir ki, autizm spektr pozuntusu olan uşaqlarda bəzi genetik mutasiyalar mövcuddur. Ailədə daha əvvəl autizm diaqnozu almış fərdin olması riski artırır. Eyni zamanda, müəyyən genetik sindromlar, məsələn, Fragil X sindromu və Rett sindromu kimi xəstəliklər də autizm riskini yüksəldə bilər.

2. Ətraf mühit faktorları
Hamiləlik dövründə ananın virus və ya bakterial infeksiyalara yoluxması, toksik maddələrə və ya hava çirkliliyinə məruz qalması kimi ətraf mühit təsirləri də risk faktorları sırasındadır. Eyni zamanda, doğuş zamanı yaranan beyin zədələri və ya oksigen çatışmazlığı da autizm riski ilə əlaqələndirilir. Valideynlərin, xüsusilə atanın yaşı artdıqca, uşağın autizm riski də yüksəlir. 

3. Beyin inkişafı və neyroloji dəyişikliklər
Autizmli uşaqlarda beynin müəyyən sahələrinin fərqli inkişaf etdiyi müşahidə olunub. Sosial qarşılıqlı əlaqə və davranışa cavabdeh olan beyin sahələrində fərqliliklər bu pozuntunun səbəblərindən biri kimi göstərilir.

4. Qidalanma və vitamin çatışmazlığı
Bəzi araşdırmalar hamiləlik zamanı ananın kifayət qədər fol turşusu və D vitamini qəbul etməməsinin də autizm riskini artırdığını bildirir. Bu, hələ tam sübuta yetirilməyib, lakin mümkün risk faktoru kimi qeyd olunur.

5.Səhv anlayışlar

Əvvəllər bəzi iddialar vaksinlərin autizmə səbəb ola biləcəyini irəli sürsə də, bu fikir müasir elm tərəfindən təkzib edilib. Çoxsaylı beynəlxalq tədqiqatlar sübut edib ki, vaksinlərin autizmə heç bir təsiri yoxdur.

Mələk Şixməmmədova,
BSU-nun tələbəsi