Rusiya və Ukrayna arasında atəşkəs olacağı təqdirdə Avropa İttifaqında ukraynalı qaçqınların hüquqi statusu risk altında ola bilər. Çünki Aİ rəhbərliyinin məsələ ilə bağlı fəaliyyət planı yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Onların Aİ ölkələrində qalmaları hazırda Müvəqqəti Mühafizə Direktivi (TPD) ilə tənzimlənir, lakin onun əhatə dairəsi məhduddur.
TPD 2001-ci ildə hazırlanıb, lakin 2022-ci ilə qədər istifadə olunmayıb. Direktivdə ukraynalı qaçqınların Aİ ölkələrində yaşamaq və işləmək hüququ, həmçinin sosial xidmətlərdən istifadə hüququ var. Əvvəlcə bir il müddətinə qüvvədə olan sənədin müddəti sonuncu dəfə 2026-cı il martın 4-dək uzadılıb. Avropa Komissiyası əlavə fəaliyyət planı hazırlamayıb.
Bu müddətdən sonra Aİ ölkələri özləri qərar verməli olacaqlar: Ukrayna vətəndaşlarının inteqrasiyasına nail olmaq və ya qaçqınları evlərinə qayıtmağa sövq etmək. Məsələn, Polşa artıq öz sistemini işləyib hazırlayıb: ən azı bir il TPD proqramının mühafizəsi altında olanlara üç illik müvəqqəti sakin statusu veriləcək. Çexiya ölkədə iki ildən artıq yaşayan və işi olan ukraynalılara beş illik yaşayış icazəsi təklif edir.