08 aprel 2025 23:58
194

Vətənə həsr olunan ömür

İkinci Qarabağ müharibəsi başlananda Taleh Zaur  oğlu  Əlizadə Vətəni öz canından üstün tutdu. Bu da ondan irəli gəlirdi ki,  1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olan Taleh həqiqi mənada doğma Azərbaycanın hər qarışına ürəkdən bağlanıb.  Vətən sevgisinə tapınan, insanların xoşbəxtliyi naminə özünü qurban verən  qəhrəmanın  ömür yolu qıs olsa da, lakin qərinələr boyu unudulmaz,   daim gələcək nəsillərə də nümunə və örnək göstərilər.

El-obada hörmət qazanan, xeyirxah əməlləri ilə Vətənə yararlı övlad olduğunu sübut edən Taleh Əlizadə  ordu sıralarına həvəslə yola düşüb. Cəbhə bölgəsinə düşməsi lap ürəyincə olub. Vətənin xidmətində  layiqincə durub, yağı düşməndən qisas almağa məqam gözləyib. Bu yandan   təlimlər zamanı göstərdiyi igidliyi, cəsurluğu onu zabitlərin, əsgərlərin yanında başıuca, alnıaçıq  edib. Həmişə  də deyib ki, əgər biz dığaların layiqli cavabını verməsək, Cavanşirlər, Babəklər, Həcərlər yetişdirən bu torpağın çörəyi bizə halal olmaz. Əsas amalımız  tezliklə  mübarizliklə amansız quduz  düşmənə qalib gəlib tapdaq altında qalan  müqəddəs  Vətən torpaqlarını azad etmək olmalıdır. Əminliklə bilirəm ki, döyüş meydanında mütləq qələbə qazanarıq.

Ürəyi daim Vətən, torpaq sevgisi ilə döyünən Azərbaycan Ordusunun əsgəri  Taleh Əlizadənin arzuladığı məqam yetişir.  O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və respublikamızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ  müharibəsi zamanı əlində silah yağının başına od ələyib. İştirak etdiyi neçə-neçə döyüşdən rəşadət nümunəsini göstərməklə zəfərlə çıxıb. Dəfələrlə  ölümlə üzləşib, amma hər dəfə  odlu-alovlu müharibə meydanına girəndə yağının üstünə qartal tək şığıyıb. Bacarıqlı, səriştəli bir döyüşçü olaraq  erməni dığaları onun vurduğu sarsıdıcı zərbələri qarşısında tab gətirə bilməyib. Taleh kimi qeyrətli oğlanların qəhrəmanlığı hesabına torpaqlar ard-ardına  təmizlənib, bu ərazilərdə Azərbaycan  dövlətinin üçrəngli qələbə bayrağı dalğalanıb.

Döyüşdən-döyüşə Taleh Əlizadənin  qəlbində erməni dığalarına qarşı nifrəti daha da alovlanıb. Cəbrayıl rayonunun azadlığı uğrunda gedən haqq savaşımızda qırdığı ermənilərin sayı bilinməyib. Təəssüf ki, bu, onun son döyüşü olub. Oktyabrın 18-də vuruşmanın qızğın yerində namərd gülləsi qəhrəman Vətən oğlunu haqlayıb .

25 yaşında əbədiyyətə qovuşan Taleh Əlizadə xalq sevgisinə bələnməklə, həm də dövlət tərəfindən “İgidliyə görə", "Vətən uğrunda", Cəbrayılın, Xocavəndin, Füzulinin azadlığına görə   medalları  ilə  təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü