09 aprel 2025 00:29
217

Böyük şair, görkəmli maarif xadimi - Seyid Əzim Şirvani

Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirib, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayıb. Parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib, didaktik əsərlərində isə humanizm ideyalarını təbliğ edib. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.

Seyid Əzim Şirvani 1835-ci il iyulun 10-da Şamaxıda Qalabzar məhəlləsində ruhani ailəsində anadan olub. 7 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1855-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni, həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı “Məclis” məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhdlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi maarifçi və tənqidi-satirik şeirləri ilə başlayır və artıq həmin zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki məhz “Əkinçi”nin təsiri ilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirləri ilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,

Nasehi xoşməqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim “Əkinçi” vəfat.

XIX əsrdə Azərbaycanın maarifçilik sahəsindəki görüşlərinin formalaşmasında S.Ə.Şirvaninin böyük rolu olub. Yaradıcılığı boyu xalqının savadlanması, maariflənməsi uğrunda mübarizə aparıb. Maarifçilik fəlsəfəsi şairin əsas şuarı idi. Seyid Əzim maarifçilik ideyalarını həyata keçirmək məqsədi ilə 1869-cu ildə Şamaxıda yeni tədris üsullu (üsuli-cədid) bir məktəb açaraq pedaqoji fəaliyyətini davam etdirir. Köhnə mollaxanalardan və məhəllə məktəblərindən fərqli olaraq XIX əsrin sonlarından yaranmağa başlayan üsuli-cədid məktəblərində dərslər ana dilində keçilir, tədris planına ümumtəhsil xarakterli fənlər, dünyəvi biliklər daxil edilirdi. Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi məşhur ədiblərimiz ilk təhsillərini o dövrün din xadimlərinin həqarətlə “kafir məktəbi” adlandırdıqları Seyid Əzimin həmin üsuli-cədid məktəbində almışlar. Azərbaycan məktəb tarixində ilk nümunəvi anadilli məktəb sayılan bu təhsil ocağı təxminən 14 il fəaliyyət göstərmiş, mürtəce ruhanilərin təzyiqi, ağır maddi vəziyyət nəticəsində 1887-ci ildə bağlanmışdır.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr yazan, cəmi 53 il ömür sürən Seyid Əzim Şirvani 1888-ci il iyun ayının 1-də Şamaxıda vəfat edib. Vəsiyyətinə əsasən doğma Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığında dəfn olunub.

Zahid Rza, “İki sahil”