Ermənistan hələ də reallığı qəbul edə bilmir. Son günlər mövqelərimizin intensiv atəşə tutulması onu göstərir ki, təcavüzkar ölkə məğlubiyyətə boyun əyməkdə, şərtlərə əməl etməkdə çətinlik çəkir.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-i saat 19:20-dən 22:30-dək Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Qeyd edək ki, bu, aprel ayında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi 4-cü insidentdir.
44 günlük Vətən müharibəsindən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq sürətlə silahlanan, amma beynəlxalq tribunalarda özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistan sülhün əldə edilməsinə bu kimi süni maneələr yaratmaqda davam edir. Digər tərəfdən, gəlişigözəl ifadələrlə sülh sazişinin natamam şərtlərlə imzalanmasına “cəhd göstərir”. Bütün bunlar bir daha təcavüzkar ölkənin işğalçılıq siyasətindən əl çəkmədiyini göstərir. Bölgədə sülhə, əmin-amanlığa kifayət qədər üstünlük verən və bunları öz yanaşmasında tətbiq edən Azərbaycan isə sülhə nail olmaq istiqamətində siyasətini davam etdirir.
Nə qədər qəribə olsa da Ermənistan şərti sərhəddə törətdiyi təxribatlara ermənisayağı don geyindirir. Məsələn, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan utanıb-qızarmadan bildirib ki, artıq üçüncü həftədir guya Azərbaycan sərhədin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozur, sərhəd yaşayış məntəqələrinin sakinlərini qorxudur. Abramyanının fikrincə, guya heç bir beynəlxalq təşkilat, ölkə Azərbaycanın təcavüzünə ciddi reaksiya vermir.
Əvvəla, qeyd edək ki, Ermənistan rəsmisi həmişəki kimi yenə də qeyri-səmimi yanaşma sərgiləyib. Belə ki, Azərbaycan heç zaman şərti sərhəddə təxribatlara əl atmayıb. Belə təxribatları törədən Ermənistan silahlı qüvvələridir. Hətta bu yaxınlarda baş nazir Nikol Paşinyan “sülh sazişini imzalamağa hazıram” deməklə yanaşı, “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsini də işlədib. Bununla da o, atəşkəsin rəsmi İrəvan tərəfindən pozulduğunu etiraf edib. Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyi bildirib ki, guya havaya açılan atəş heç də atəşkəsin pozulması demək deyil. Əslində elə bu açıqlama da atəşkəsin haylar tərəfindən pozulmasına dəlalət edir. Bəli, bu gün Ermənistan rəhbərliyi nə ordusunu, nə də erməni cəmiyyətində olan revanşist xülyalı təbəqəni idarə edə bilmir. Bu isə hər şeydən əvvəl təcavüzkar ölkənin hərbi, yoxsa sülhü seçdiyini hələ də dəqiqləşdirməməsindən xəbər verir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında son günlər Ermənistan tərəfindən atəşkəsin pozulmasının intensivləşdiyini bildirdi: ”Vətən müharibəsinə və birgünlük lokal antiterror əməliyyatına qədər ermənilər Qarabağ və ətraf ərazilərdə təxribatlar törədirdilər. İndi artıq onlar məlum səbəblərdən həmin ərazilərdə təxribatlar törədə bilmirlər. Odur ki, haylar indi şərti sərhəddə atəşkəsi pozmaqla təxribatlar törədirlər. Özü də haylar törətdikləri təxribatları bir qayda olaraq Azərbaycanın üzərinə atmağa çalışırlar. Bu dəfə də haylar tərəfindən belə bir addım atılıb. Halbuki, belə addımlar öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, bölgədə yeni reallıqlar yaradan, işğaldan azad etmiş ərazilərində abadlıq-quruculuq işləri həyata keçirən, sülh istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın əsla marağında deyil. Bu, olduqca sadə bir məntiqdir. Ermənistan isə son günlərdə Tovuz rayonu istiqamətində mühəndis-istehkam işləri aparır. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizə qarşı ərazi iddiaları olan konstitusiyasına dəyişiklikdən imtana edən, Minsk qrupundan ikiəlli yapışan, sürətlə silahlanan Ermənistan hələ də öz ampluasındadır. Təcavüzkar ölkənin bu addımları nədən xəbər verir? Bu o deməkdir ki, Ermənistan revanşa hazırlaşır. Prezident İlham Əliyevin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda bildirdiyi kimi, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Odur ki, sərhəddə yaratdığı təxribatlarla buna zəmin yaratmağa çalışır. Elə bu təxribatların əsas hədəfi də Azərbaycanı əks-hücum əməliyyatına təhrik etməkdən ibarətdir. Bu mənada Tiqran Abramyanın utanc hissi keçirmədən səsləndiriyi absurd fikirlər heç biri reallığa uyğun deyil. Bu, sadəcə Ermənistanın siyasətidir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”