10 aprel 2025 23:58
260

Ustad pedaqoq və aşıq poeziyasının nadir bilicisi

79 il şərəfli ömür sürmüş və Azərbaycan mədəniyyət tarixində dərin iz qoymuş Elxan Məmmədli 1999-cu ildən AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsində çalışıb.

İnsanlara xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu və təsiredici nitqi ilə yüzlərlə, hətta minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətləri ilə ətrafda cərəyan edən ictimai proseslərin nəbzini tutmaq Elxan Məmmədlini geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarmışdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin buna baxmayaraq, mən həmin prosesə qatılmağı özüm üçün vətəndaşlıq borcu hesab etdim. Çünki Elxan Məmmədli Azərbaycanın mədəniyyət, ədəbiyyat tarixində elə dərin iz buraxıbdır ki, onun dövrü fəaliyyətini kölgədə qoyub yan ötmək ən azı Azərbaycan aşıq ədəbiyyatına maraq göstərilməməsi sayıla bilər. Bu sahədə Elxan Məmmədli çox böyük işlər görmüş və aşıq sənətinin mühüm nümunələrini kitab şəkilində, qəzet səhifələrində, internet saytlarında dərc etdirmiş və 40 il bu sənəti televiziya ekranlarında təbliğatını həyata keçirmişdir. Məlumdur ki, o, 1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olub. Məhz ekran vasitəsilə Elxan Məmmədli neçə-neçə aşıq ustadlarını, şairləri xalqımıza tanıtdırıbdır.

Araşdırma işinin nə dərəcədə ağır olması bir tədqiqatçı kimi mənə bəllidir. Çoxillik tarixi stajı olan müxtəlif dillərdə yazılmış ədəbiyyat nümunələrini oxuyaraq, zərgər dəqiqliyi ilə təhlil etmək, bir neçə ölkədə yerləşən arxiv idarələrində mühüm sənədlər əldə etmək üçün saatlarla vaxt itirmək, tanınmayan aşıq ustadlarını tanıtdırmaq, onların şeir nümunələrini antalogiya şəkilində çap etdirmək, araşdırmaçının bu həyatda əsas missiyası sayılır. Elə Elxan Məmmədli də həyatının böyük bir hissəsini bu şərəfli missiyaya həsr edibdir. Zəngin aşıq sənətinin, onun müxtəlif regional məktəblərə məxsus nümayəndələrinin bioqrafiyasının, yaradıcılıqlarının tədqiqində Elxan Məmmədlinin xüsusi xidmətləri vardır. O, çoxəsrlik yaşı olan zəngin aşıq sənətinin, bu sənətin geniş arealda təşəkkül tapmış müxtəlif regional məktəblərə məxsus nümayəndələrinin bioqrafiyasının, yaradıcılıqlarının tədqiqində böyük işlər görübdir. Azərbaycan şeir sənətinin zəngin qollarından birini təşkil edən aşıq poeziyasının poetika məsələlərinin tədqiqində o məhsuldar tədqiqatçı kimi tanınıbdır.

1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. O, 2 monoqrafiya (“Təcnis sənətkarlığı” və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti”), 10-dan çox toplama-tərtib kitabını nəşr etdirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub.

Yaradıcı adam – hisslər, alim – zəka, səhifələri saralmış, yazıları korlanmış köhnə əlyazmaları üzə çıxartmaq – iradədir və bütün bu keyfiyyətlər Elxan Məmmədliyə xas idi. Lakin adi adamlardan fərqli olaraq onda son dərəcə güclü olan həmin keyfiyyətlər onun şəxsiyyətində əsas aparıcı qüvvə kimi mənliyinin mahiyyətini təşkil etmişdi. Bütün bu keyfiyyətlərin qüvvə kimi Elxan Məmmədlidə ifadə olunmasına, təcəssümünə və gerçəkləşməsinə Allah-Təala yardımçı olubdur. Aşıq poeziyasının mahir bilicisi və alim kimi keyfiyyətlərin Elxan Məmmədlinin xarakterində səmərəli tərzdə uzlaşdırılması ona inkişafın birtərəfliyini, məhdudluğunu aradan qaldırmağa imkan vermişdi.

Elxan Məmmədli olduqca sadə, mədəni, vacib diskussiyalarda iştirak etmiş bir alim olubdr. O, daim öz biliklərini aşıq sənətində yetişən gələcəyin mütəxəssislərinə aşılamağa çalışmışdı. Elxan Məmmədlinin təcrübəli pedaqoq, peşəkar tədqiqatçı kimi yetişməsində nəsil şəcərəsi rol oynayıbdır. Ziyalı genetik kodu onu xasiyyətinin keyfiyyətinə, şəxsiyyətinə böyük təsir göstəribdir.

Elxan Məmmədli xasiyyət etibarilə ifrat altruist sayılır və onun bu nadir xasiyyəti övladlarına, övladlarından isə nəvələrinə keçibdir. Onun nəslinin bir çox nümayəndələrinin öz şəxsi mənafelərini unudub, başqalarının qeydinə qalmalarına, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdikləri bir çoxlarına agahdır. Elxan Məmmədli istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan insanların qayğılı problemlərinə biganə qala bilmirdi. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurmuş və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alardı. Məhz bu kübar xasiyyətinə görə həmkarları onu humanist insan kimi tanıyırdılar.

İnsanlarla səmimi olmağa üstünlük verən Elxan Məmmədli kiminlə olursa-olsun söhbət edərkən, həmin adama elə ilk baxışdan çox gözəl təsir bağışlayardı. Fransız yazıçısı və tənqidçisi Marsel Sesironun – “dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar” ifadəsi, sanki bütünlüklə Elxan Məmmədlinin adına ünvanlanmışdır. Çünki onda cəzbetmə qüvvəsi geniş diapazonda cərəyan etmişdi.

Elxan Məmmədlini elmi-ədəbi, ictimai-fəlsəfi yaradıcılığı ilə Azərbaycan aşıq poeziyasının bütün regionlarda, o cümlədən qonşu ölkələrdə tanıtdılmasında yorulmaz araşdırmaçılardan biri hesab etsək, heç də yanılmarıq.

Beləliklə, Elxan Məmmədli öz tədqiqatlarında, hər şeydən əvvəl, təfəkkürdən, dəqiq məntiqi qanunlar əsasında fəaliyyət göstərən zəkadan çıxış etmişdir. Məlumdur ki, kamil insan, yazıçı, şair və alim kimi dünyanı yalnız izah etmir, onu həm də dəyişdirir, yenidən yaradır, təbiət aləmini, bəşər dünyasını – cəmiyyəti, insanların şüurunu, təfəkkürünü kökündən dəyişdirir. Həm yaradıcı, həm də alim olan Elxan Məmmədli bu iki üsuldan istifadə edib, ətrafda olan insanların müsbət dərəcədə dəyişməsinə böyük təsir göstərmişdi. Əhatəsində olanlar ondan öyrənir, ondan məsləhət alır, onunla hesablaşırdılar.

Aşıq yaradıcılığının görkəmli tədqiqatçısı Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. Maraqlı bir bioqrafik tarixçədir: Miladi təqvimi ilə Yeni ildə doğulur, regionumuzda və Orta Asiyada Novruz adı ilə tanınaraq Yeni il il kimi keçirilən martın 21-də dünyasını dəyişir. Bunda bir məna var.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-1979) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan Elxan Məmmədli həmin ildən böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində əmək fəaliyyətini davam etdirib.

Elxan Məmmədlinin bir pedaqoq kimi həyat amalı tələbələrə övlad münasibəti bəsləməklə yanaşı, dərin əsaslı bilik verməkdən ibarət idi. O, dərslərini tələbələrə böyük məharətlə, həvəslə, peşəkarcasına, aludəliklə tədris edirdi. Mənəvi yetkinliyi, daxildən gələn böyüklüyü, halallığı, saleh əməlləri, alicənab davranışı onu qısa bir müddət ərzində müdrikləşdirmiş və Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi-Mədəni Mərkəzində fəaliyyət göstərən bütün əməkdaşların gözündə ağsaqqallıq zirvəsinə qaldırmışdı.

Elxan Məmmədli peşəkar pedaqoq kimi milli kadrların yetişdirilməsində fədakarlıq göstərmişdir. O, treninqlər keçdiyi zaman cavan mütəxəssislərin elmi hazırlıqlarının təşkili prosesi üçün xüsusi elmi konsepsiya hazırlamış və həmin konsepsiya ilə həmkarlarını da tanış etmişdir. Tədrisə başlayarkən dərs mövzudan elə bir istiqamət götürürdü ki, qarşıdakı adamın beyni yorulmasın, zehni korlanmasın, tez maarifləndirməyə həvəs oyatsın. Sonra başqa istiqamət götürərək, fantaziya ilə əqli qanunların bir-birinə kömək etməsinə, qondarma və toqquşdurmalara yol verilməməsinə, həm zəkanın düzgün zövqə gəlməsinə, həm də lazımlı həqiqətlər dərk edilməsinə rəvac verərdi. Bundan sonra Elxan Məmmədli obyektiv varlıqların təliminə, onların mahiyyət və xüsusiyyətlərinin təhlilinə başlayardı. İnsan psixologiyasına yaxından bələd olan fəlsəfə doktoru ilk növbədə hissi kateqoriyalardan başlayıb, sonra maddi varlıqların əsaslarını öyrətməklə həmin bəhsə yekun vurardı. Cavan mütəxəssis hansı mövzunu öyrənmək və folklorşünaslıqda ixtisas sahibi olmaq istəyirdisə, nəzərdə tutulan mövzu ilə əlaqəsi olan bütün elmlərlə, sənətlərlə tanış olmağa həvəs göstərməsində Elxan Məmmədli öz tövsiyələrini verərdi. Bütün bunlarla yanaşı, ömrünü elmə həsr etmək qərarına gələn tələbələr ədəbi və humanitar elmlərdən, həm də başqa əlaqədar fənlərdən baş çıxarmalı, imkan olduqda, yerdə qalanları öyrənməkdən də imtina etməməli idi; çünki bilik öyrənməkdə laqeydlik ən çirkin və ən təhlükəli xüsusiyyətdir.

Görkəmli alim bu konsepsiyanı təkcə rəhbərlik etdiyi Mərkəzdə yox, həm də orta məktəbdə təhsil alan övladlarının tədrisinə tətbiq edir və sonradan əlavə etməli olurdu: “Yuxarıda sadalanan prinsiplə fəaliyyətə başlayarkən böyük diqqət, səbr, əmək, iradə və ardıcıllıq tələb olunur. Burada özünü aqil insan hesab edib, bir çox şeyləri öyrənməmiş, o birisini başlamaq olmaz. Hər fənnin öyrənilməsində fitri istedadı inkişaf etdirən, səhhətə zərər verməyən, zehni itilədən, zəkanı parıldadan, hafizəni genişləndirən, zövqü artıran üsullardan istifadə olunmalıdır”. Bütün bu təlimlərə ciddi riayət edən Elxan Məmmədlinin övladları maariflənmə sahəsində böyüklərinin ümidlərini doğruldaraq, orta məktəb illərində özlərini ali təhsil ocağının tələbəsi kimi göstərmişdilər.

Bu günlərdə Elxan Məmmədlinin yetirmələri, tələbələri, aspirantlar, professorlar onun xatirəsini yalnız xoş sözlərlə yad edir və ən ağır vəziyyətlərdə, çətin məqamlarda yaxın insanların köməyinə necə gəldiyini xüsusilə vurğulayırlar. Mədəniyyət, ədəbiyyat, pedaqoqika sahəsində göstərdiyi xidmətlərinə görə o, bir çox mükafatlara layiq görülmüşdür. 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı almışdır.

Ölməz sənətkarın haqqında “Elxan Məmmədli – 60” və 70 illiyi münasibəti ilə “Elxan ömrü – saz ömrü” kitabları tərtib edilib. Onun elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib.

Ramiz Dəniz,
yazıçı-tədqiqatçı, publisist