Prezident İlham Əliyevin ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı beynəlxalq konfransda söylədiyi fikirlər istər dünyada baş verən hadisələri, istərsə də ölkəmizin daxilində gedən prosesləri qiymətləndirmək baxımından çox əhəmiyyətlidir. Cənab Prezident bu çıxışında bir çox məsələlərə aydınlıq gətirib, xüsusilə də dünyada baş verən proseslərə özünün aydın münasibətini bildirmişdir. Sözsüz ki, Ermənistanın təcavüzkar hərəkətləri, ona havadarlıq edən ölkələrin dövlətimizə qarşı yürütdüyü anti-Azərbaycan siyasəti bu çıxışlarda daha geniş mənada öz əksini tapmışdır. Cənab Prezident bildirdi ki, uzun illər Azərbaycan torpaqları işğal altında olmasına baxmayaraq, istər bir çox xarici dövlətlər, istərsə də beynəlxalq təşkilatlar bu məsələyə biganəlik göstərmiş və Azərbaycanın haqlı mövqeyini dəstəkləməmişlər. Ancaq Azərbaycan xalqı öz gücünə, düşmənlə mübarizə aparmış və torpaqlarını işğaldan azad etmişdir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
Deputat bildirdi ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri sülh müqaviləsinin imzalanmasıdır ki, Ermənistan müəyyən vasitələrlə bu sənədi imzalamaqdan yayınır. Sözsüz ki, bu da Ermənistanda bir çox dairələrin yenidən revanş götürmək cəhdlərindən irəli gəlir və Ermənistana havadarlıq edən qüvvələr Cənubi Qafqazda sabitliyin əmin amanlığın bərpa edilməsinin əleyhinədirlər. Ermənistan baş naziri Nikol Paşinyan ölkəni idarə etmək bacarığından uzaqdır və bir çox xarici ölkələrin diktəsi ilə işlədiyinə görə sülh müqaviləsinin şərtləri uzunmüddətli yerinə yetirmir.
Tahir Rzayev qeyd etdi ki, belə tədbirlər və qonaqların Qarabağa səfərlər etməsi, orada baş verən bərpa-quruculuq işlərini, eyni zamanda, ermənilərin törədiyi vəhşilikləri öz gözləri ilə görmələri bir daha Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir.
Səbinə Kazımova, "İki sahil"