Donald Trampın Prezident seçilməsi onları məyus edib
“Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.”
Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı forumda daha sonra deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.
Bəli, Azərbaycan haqlı tərəf olduğu halda ABŞ-ın bundan əvvəlki rəhbərliyində təmsil olunan şəxslərin şəxsi qərəzinə tuş gəlirdi. Xüsusilə Dövlət katibi Antoni Blinken ölkəmizə qarşı fəaliyyət göstərən dairələri həvəsləndirir, təlimatlandırır, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına əngəl yaradırdı. Bir neçə konqesmenin və senatorun Bakıda həbsdə olan erməni separatçılarının dərhal azadlığa buraxılması tələbinin “dirijoru” Antoni Blinkeni olduğu hər kəsə məlumdur. Bütün bunlar bəs etmədi. Baydenin prezidentlik müddətinin bitməsinə beş gün qalanda Bayden-Blinken administrasiyası Ermənistana daha bir sürpriz etdi. Xarici işlər naziri Ararat Mirzoyan Ağ Evə dəvət olundu və tərəflər arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Təbii ki, ermənilər bundan ruhlandılar. Zəngəzur dəhlizinin bugünədək açılmamasının əsas səbəblərindən biri də Blinkenin bu addımı oldu. Ermənistan rəhbərləri “Sülhə və Zəngəzur dəhlizinin açılmasına” hazırıq desələr də arxada bunların əksini etdilər.
Onu da qeyd edək ki, Cozef Baydenin prezidentliyinin son aylarında yeriyərkən büdrəyib yıxılması, qarçısındakı şəxsin adını səhv salması, mücərrəd fikirlər söyləməsi sübut edirdi ki, bu adam nəinki ABŞ kimi qüdrətli dövləti, fərd olaraq özünü belə idarə edə bilmir. Bundan sui-istifadə edən Dövlət katibi isə Azərbaycana təzyiqlərini artırır, bəzən hədə-qorxu da gəlirdi.
Forumda Prezident İlham Əliyev gələcəyə olan inamını da ifadə etdi. Ölkəmizin sadə vətəndaşları belə bilirlər ki, Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri normal məcraya düşmüdü. Narazılıq doğuracaq heç bir məsələ yox idi. İkinci Qarabağ müharibəsi də məhz Donald Trampın birinci hakimiyyəti müddətində başlamışdı. O zaman Tramp administrasiyası tərəfindən öz ərazilərini azad edən Azərbaycanın ünvanına mənfi fikir bildirilməmişdi. Yəni, Prezident Donald Tramp haqqın səsini eşitmişdi. Administrasiya tərəfindən yalnız bir bəyanat verilmişdi ki, orada da tərəflər sülhə dəvət olunmuşdular, vəssalam. Həmin illərdə ABŞ-dakı erməni lobbisi Ağ Evin kandarına belə buraxılmamışdı. Ermənipərəst senatorlar və konqresmenlər cınqırlarını çıxara bilmirdilər. Odur ki, Azərbaycana qarşı təzyiqlər dayandırılmış, hədə-qorxular yığışdırılmışdı. Donald Trampın erməniləri görən gözü yox idi. Səbəbi də bu idi ki, prezident seçkilərində onlar Donald Trampı aldadaraq onu dəstəkləyəcəklərini bildirsələr də seçkilərdə onun rəqibinə səs vermişdilər. Bununla da etimad və etibarı itirmişdilər.
Xatırladaq ki, 2021-ci ildə ABŞ Konqresinin Demokrat və Respublikaçı partiyalarından olan üzvləri, o cümlədən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Senatda azlıqların lideri Çak Şumer və əlaqədar rəsmilər Trampın səlahiyyətlərindən və idarəetmə məsuliyyətlərindən dərhal məhrum edilməsinə çağırmışdılar. Bu, həmin Nensi Pelosidir ki, daim işğalçı Ermənistana dəstək verir, Azərbaycanın ərazilərini zəbt etməsinə başqa don geyindirməyə çalışırdı. Belə hərəkətləri ilə o, superdövlətin imicinə ləkə salırdı. Ancaq Nensi üçün bu, elə də əhəmiyyət kəsb etmirdi, təki ermənilərin könülü xoş olsun. Nəhayət, necə deyərlər, onun da “kitabı bağlandı.”
2024-cü il seçkilərində erməniqarışıq qaragüruha qalib gələn Donald Tramp ikinci dəfə Prezident seçildi. Keçənilki seçkilərdə Donald Trampın qələbə qazanması erməniləri dərindən məyus etdi. Onlar hesab edirdilər ki, respublikaçıların hakimiyyəti davam edəcək və mövqeləri daha da güclənəcəkdir. Ancaq bu dəfə də yanıldılar. Ermənipərəst qaragüruh adəti üzrə yenə qınına çəkilərək məqam gözləməkdədir. Hadisələrin axarı kimi nəyin gözlədiyini göstəcəkdir.
Vəli İlyasov, “İki sahil”