11 aprel 2025 01:27
211

Sabitliyin əsas meyarları: Yaşıl enerji, təhlükəsizlik, etibarlı tərəfdaşlıq

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Yeni dünya nizamına doğru» mövzusunda 7-ci ADA Siyasi Forumu Azərbaycanın siyasi, iqtisadi, humanitar platforma olduğunu təsdiqləməklə ölkəmizin dünya birliyində möhkəmlənən nüfuzunun ifadəsi idi

Beynəlxalq əhəmiyyətli tədbir kimi dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi dünyanın 200 ölkəsinin Azərbaycana sonsuz etimadının, hörmətinin, dövlətimizin beynəlxalq arenada möhkəmlənən mövqeyinin, qarşılıqlı anlaşma tərəfdarı kimi sabitliyə verdiyi töhfələrin, artan fəal rolunun dəyərləndirilməsi idi. Konfrans çərçivəsində təşkil olunan panellərdə edilən çıxışlarda respublikamızla bağlı deyilən xoş sözlər göstərdi ki, Azərbaycana artan maraq təkcə coğrafi məkan, geosiyasi mahiyyət baxımından deyil, Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkəmizin dəstəklənən diplomatiyasının uğurudur.

COP29 zamanı Azərbaycan açıq şəkildə bəyan etdi ki, əsas hədəf az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. «Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq. Bu, bizim qarşımıza qoyduğumuz mühüm tapşırıqlardan biri idi. Bizim COVID-lə apardığımız mübarizə, COP-a ev sahibliyi etməyimiz, - yeri gəlmişkən, ilin sonuna qədər biz prezident olacağıq, - beləliklə, Afrika ölkələri ilə ikitərəfli təmaslar bizim gündəliyimizi aydın şəkildə nümayiş etdirir. Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik. Bizim Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq tərəfimdən müəyyən edilib və təsdiqlənib. Faktiki olaraq, bu təşəbbüslə çıxış etdim. Bu mərhələdə biz daha fəal olmalıyıq» söyləyən İlham Əliyev enerji diplomatiyasının davamının ölkəmizin humanitar siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu dünya birliyinə çatdırdı.

Müəllifi olduğu meqalayihələrlə Avrasiyanın enerji və daşımalar yollarını dəyişərək çoxtərəfli əməkdaşlıq formatını şaxələndirmə siyasətinə uğun genişləndirən Azərbaycan BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurlu sədrliyini bütün sahələrdə davam etdirmək imkanına malik olduğunu bəyan etdi. Mədəniyyətlərarası dialoqların təşkilində təşəbbüskarlığı qiymətləndirilən, fərqli düşüncəyə, siyasətə malik olkələr arasında körpülərin salınmasında siyasi, iqtisadi, humanitar platforma adını əməli fəaliyyəti ilə doğruldan Azərbaycanla dünya siyasətinin önəmli oyunçusu kimi hesablaşırlar.

Dünya birliyi, xüsusilə Avropa üçün gərəkli, eyni zamanda, yeni termin olan Yaşıl gündəliyi ilə enerji diplomatiyasında yeni səhifə açan, bərpaolunan enerji sahəsində təcrübəsi nümunə göstərilən, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi ilə bağlı proqnozlarının reallaşması üçün səylərini artıran Azərbaycan zəngin potensiala malik ölkə kimi dünya birliyində mövqeyini möhkəmləndirir. «Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» sözləri ilə ixrac bazarlarına diqqətin artrılacağını bildirən Prezident İlham Əliyev Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan, Avropaya yaşıl enerji nəqli imkanı yaradacaq birgə fəaliyyət layihəsini yüksək dəyərləndirir.

Azərbaycanın malik olduğu enerji təhlükəsizliyinin mühüm seqmenti kimi diqqəti cəlb edən neft və qazla bağlı layihələri reallaşdırmaqla daha çox ehtiyacı olan Avropa ölkələrinin tələbatının ödənilməsi üçün imkanlarının tükənməz olduğunu bildirən Prezident İlham Əliyev bu ilin aprel ayının 4-də Bakıda «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında daha dəqiq statistikaları açıqlamaqla Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün səylərin, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsindən ətraflı bəhs etmişdi.

Cənub Qaz Dəhlizinin istifadəyə verildiyi vaxtdan prosesdə iştirak edən ölkələrin və şirkətlərin artan sayını ortaq məqsəd ətrafında birləşən, eyni məram naminə güclənən əməkdaşlığın məntiqi nəticəsi adlandıran Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdi ki, qarşılıqlı anlaşma olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı: «Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi.»

Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. TANAP və TAP da daxil olmaqla Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsinin tam dolu işlədiyini diqqətə çatdıran, dünya siyasətində qüdrətli lider formulunun müəllifi olduğunu düşüncəsi, ədalətli, reallığı əks etdirən sağlam mühakimələri ilə təsdiqləyən Prezident İlham Əliyev faydalı qazıntı layihələrinin maliyyələşdirilməsi ilə bağlı dəqiq, təhlili araşdırmaları ilə də diqqəti cəlb etmişdi. Haqlı olaraq bildirmişdi ki, nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, çoxlu problemlər yarana bilər. Dövlət başçımızın COP29-dan dünya birliyinə önəmli mesajı olan «Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq» sözləri uzunmüddətli müqavilələr prosesi üçün daha vacib məsələnin aktuallığını əks etdirməklə beynəlxalq ictimaiyyətin diqqətini mühüm məsələnin həllinə cəlb etdi.

Bakıda, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Yeni dünya nizamına doğru»” mövzusunda 7-ci ADA Siyasi Forumu Azərbaycanın siyasi, iqtisadi, humanitar platforma olduğunu təsdiqləməklə ölkəmizin dünya birliyində möhkəmlənən nüfuzunun ifadəsi idi. Müzakirə olunan məsələlərin fərqliliyi, beynəlxalq əhəmiyyəti baxımından dünya siyasətinə təsir imkanları böyük olan, yuxarıda nümunə göstərilən mühüm tədbirlərə ev sahibliyi ölkəmizin xarici siyasətinin, enerji diplomatiyasının uğurudur. Ölkəmizin Mərkəzi Asiyada, Yaxın Şərqdə cərəyan edən proseslərdə fəal iştirakının nümunəsidir. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin önəmli hissəsini bir araya gətirən siyasəti ilə diplomatik səylərini artıran Azərbaycan müxtəlif ölkələrlə imzalanan strateji tərəfdaşlıq bəyannamələrinə sadiqliyi ilə seçilir, böyük nüfuz və hörmət qazanır. «Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır» sözləri ilə əlverişli geosiyasi məkanda yerləşən ölkəmizin tranzit imkanlarının da çoxşaxəli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyində rolu artan Azərbaycan praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərindən körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüş və bu sahədə fəaliyyətini uğurla davam etdirir. Eyni sözləri Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələr haqqında da demək olar. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilənin imzalanması ilə Mərkəzi Asiyanın artıq mövcud olan və geniş enerji resursları Azərbaycanın enerji ehtiyatlarına əlavə ediləcək. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, etibarlı tərəfdaşlıq regionda sabitliyin qorunmasına xidmət edəcək.

Azərbaycanla Avropa Komissiyası arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə əsasən qitə ölkələrinə qaz təchizatını təxminən 60 faiz artıran Azərbaycanda ixrac üçün işlənilmənin yeni fazasında olan yataqlar vardır. Qeyd olunduğu kimi, qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazın istehsalı da proqnozlaşdırılır. Yaşıl enerji stansiyalarının quraşdırılması ilə elektrik enerjisinin istehsalında istifadə edilən qaza qənaət olunacaq. Beləliklə, ölkəmizdə qaz təchizatını minimum 10 milyard kubmetrə qədər artırmaq potensialı yaranacaq.

Yuxarıda adları çəkilən beynəlxalq tədbirlərdə layihələrin qiymətləndirilməsi məsələsinə münasibətini «Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir. Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim. Sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Bir sözlə, bu, bir nömrəli məsələdir. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Onların yubanmaması üçün bir baxsınlar ki, Prezident Tramp faydalı qazıntı ilə bağlı nə edir!» sözləri ilə bildirən dövlət başçımız İlham Əliyev əməkdaşlıqda qarşılıqlı etimad prinsiplərinə sadiqliyi əsas amil kimi diqqətə çatdırdı.

Bəllidir ki, enerji təhlükəsizliyinin mühüm meyarı olan uzunmüddətli müqavilələr qarşılıqlı əməkdaşlığın etibarlılığı baxımından çox vacibdir. Bu məsələyə təcrübəli siyasətçi kimi Avropa İttifaqının enerji təchizatı ilə bağlı qeyri-müəyyən yanaşmalarına «Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir» sözləri ilə aydınlıq gətirən dövlət başçımız bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlıqda, ticari sövdələşmələrdə dəqiqliyin, məntiqli hesabların vacibliyini diqqətə çatdırır. Bütün sahələrdə qarşılıqlı əməkdaşlıq üçün etimad, etibar prinsiplərinə sadiq qalan Azərbaycan tərəfdaşları arasındakı münasibətlərin bu meyarlar əsasında davamında maraqlıdır.

Xatırladaq ki, hazırda ölkəmizin qaz təchizat 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür. Hazırda qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edən Bolqarıstanda qazlaşdırma layihəsi müzakirə edilir. Yəni, sağlam əlaqələrdə ən kiçik detalların belə nəzərə alınması bütün tərəfdaşlar üçün əsas göstərici olmalıdır. Prezident İlham Əliyevin inamla söylədiyi «Bu gün heç vaxt olmadığı qədər enerji təhlükəsizliyi milli təhlükəsizliyin, ölkələrin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir və bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik» sözləri bütün ölkələrin gündəlik həyat tərzləri üçün önəmlidir.

Xuraman İsmayılqızı, «İki sahil»