İki il bundan əvvəl Azərbaycanın İrandakı səfriliyində terror aktı törədən Yasin Hüseynzadə İran məhkəmələri tərəfindən ölüm hökmünə məhkum edilsə də məhkəmənin qərarı nədənsə icra edilməyib
2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinin binasına hücum edilmişdi. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi, baş leytenant Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirmiş, xidmətin daha iki əməkdaşı isə yaralanmışdı. Yalnız təhlükəsizlik xidməti əməkdaşının qəhrəmalığı və cinayətkarı zərərsizləşdirə bilməsi sayəsində terror aktının daha böyük faciə ilə nəticələnməsinin qarşısını almaq mümkün olmuşdu. Hadisədən bir neçə saat sonra İran mətbuatında qanlı terror aktını həyata keçirmiş şəxsin saxlanıldığı barədə xəbərlər yayılmışdı. Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi baş vermiş hadisə ilə bağlı yerli “Tasnim” xəbər agentliyinə verdiyi açıqlamada silahlı hücum edən şəxsin səfirliyə guya iki azyaşlı uşağı ilə daxil olduğunu bildirmişdi. İlkin səbəb kimi isə “cinayətkarın şəxsi və ailə problemləri” göstərilirdi.
Heç kimə sirr deyildi ki, S.Rəhiminin əvvəlcədən planlaşdırıldığı şübhə doğurmayan terror aktının səbəbi haqqındakı dedikləri reallıqdan uzaqda idi, şübhə və suallar yaradırdı. Çünki əvvəla, hücumun Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınmış anbaan görüntülərində cinayətkarın tək olduğu aydın görünürdü.
Bir məsələni xüsussi ilə vurğulamaq lazımdır ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi bu gün də hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir.
Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında bildirib ki, xalqımız Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı kimi facivəi hadisələri unuda bilməz. Ölkəmiizn başçısı vurğulayıb ki, bu hadisələr Məsud Pezeşkianın İranda Prezident seçilməsindən əvvəl baş verib. Dövlət başçısı, həmçinin əlavə edib ki, xalqımız qəti əmindir ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terrordur. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır: “40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə, bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb?
Mən İrandan olan qonaqlara sual verdim - mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib.
Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi.
Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki, yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”.
Buyurun, söz sizdədir ağayi cənablar…
Zahid Rza, “İki sahil”