Aprelin 9- da Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən sayca yeddinci beynəlxalq Forumun “Yeni dünya nizamına doğru” mövzusuna həsr edilməsi hazırkı və gələcək vəziyyətin müzakirəsi baxımından çox dəyərlidir. Tədirdə xaarici ölkələrdən olan 80 ekspert və alimin iştirakı, nüfuzlu qonaqların yarıdan çoxunun bu mötəbər tədbirə ilk dəfə qatılması onun göstəricisidir ki, ADA-nın təşkil etdiyi beynəlxalq platformalar xarici auditoriyanın diqqətini ildən-ilə daha çox cəlb edir. Bu mötəbər tədbirin özəl və üstün cəhəti həm də ondadır ki, Azərbaycan Prezidenti ənənəvi olaraq Forumda iştirak edir və qlobal gündəliyin ən aktual mövzuları ilə bağlı siyasi vizyonunu təhrifə yer qoymadan nüfuzlu auditoriyanın diqqətinə şəxsən çatdırır. Heç şübhəsiz ki, Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi olan Azərbaycan Prezidenti tərəfindən bu cür platformalarda səsləndirilən mesajlar dünyanın aparıcı beyin mərkəzlərinin və media qurumlarının diqqətini dərhal cəlb edir, ciddi müzakirə və şərhlərə səbəb olur.
Ali Baş Komandanımızın beynəlxalq aləmə ünvanladığı mesajlar da olduqca əhəmiyyətlidir və cəmiyyətimiz tərəfindən də yüksək səviyyədə qarşılanır. Ona görə ki, dövlətimiz uzun illər ərzində məlum dairələrin ayrı-seçkilik siyasətindən əziyyət çəkib, milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatının ağır məhrumiyyətlərini yaşamalı olub. Azərbaycan xalqı artıq yaxşı bilir ki, bütün bu məhrumiyyətlərin, üzləşdiyi haqsızlığın əsas səbəbi böyük dövlətlərin yürütdüyü ikili standartlar və selektiv yanaşma siyasəti ilə bağlıdır. Məhz bu cür riyakarlığa görə ATƏT-in Minsk qrupu 28 il ərzində ədaləti bərpa etmək əvəzinə, işğalçı Ermənistanın maraqlarına xidmət göstərib. BMT Təhlükəsizlik Şurasının Azərbaycana aid məlum dörd qətnaməsi isə elə eyni səbəbdən 27 il boyunca kağız üzərində qaldı. Bu illər ərzində xalqımız onun da şahidi olub ki, coğrafiyalardan, yaxud etnik və dini təəssübkeşlik amilindən asılı olaraq, eyni mahiyyətli münaqişələrə tamam fərqli münasibət göstərilib. Bu gün Ukraynada separatizmin yolverilməz olduğunu bir ağızdan bəyan edənlərin bir çoxu vaxtilə erməni separatçılarına hərbi, siyasi və maliyyə dəstəyini əsirgəmirdilər. Əvvəllər bunu gizlətsələr də, indi onların maskası yırtılıb və əsl simaları üzə çıxıb. Hətta beynəlxalq media resurslarında ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparır, AŞPA və Avropa Parlamenti kimi qurumların vasitəsilə Azərbaycanı qərəzli qətnamələrlə hədəf seçirlər. Belə bir rəzil siyasətin arxasında dayananlar hələ də etiraf etmək istəmirlər ki, beynəlxalq hüququn gözdən düşməsi və hüququn aliliyinə bəslənilən ictimai inamın sarsılması elə onların yürütdüyü selektiv yanaşmanın nəticəsidir. Təəssüf ki, eyni siyasət hələ də davam etdirilir, xüsusilə Azərbaycana qarşı. Bir vaxtlar Ermənistanın işğalçılıq siyasətinə və erməni separatizminə açıq və ya gizli şəkildə dəstək verənlər, indi qlobal iqtisadi layihələrdə belə, erməni təəssübkeşliyini gizlətmirlər. Onlardan biri Orta Dəhlizlə bağlıdır. Hər vəchlə çalışırlar ki, Dəhlizin gələcəyini Ermənistanın maraqları ilə əlaqələndirsinlər. Prezident İlham Əliyev Forumda bu məsələyə xüsusi diqqət ayırdı və həmin siyasətin arxasında dayanan dairələrə açıq mesajını verdi: ”Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq.»
Azərbaycan Prezidentinin Forumda Türkiyə-İsrail münasibətlərində ölkəmizin vasitəçilik rolu ilə bağlı səsləndirdiyi fikirlər indiyədək rəsmi səviyyədə ictimailəşdirilməmişdi. Prezident ilk dəfə bildirdi ki, qardaş Türkiyə ilə dost İsrail arasında ilk böhranın yarandığı vaxt Azərbaycan normallaşma prosesinə əməli töhfə verən aparıcı ölkələrdən biri olub. Dövlətimizin başçısı hazırkı böhranın aradan qaldırılmasında da Azərbaycanın öz səylərini əsirgəməyəcəyini açıq şəkildə bildirdi.
Prezident İlham Əliyevin praqmatik siyasətə söykənən dövlətçilik təcrübəsi və dünyanın aparıcı liderləri ilə illərin sınağından çıxmiş, qarşılıqlı etimada söykənən şəxsi əlaqələri Azərbaycanın yeni çağırışları fürsətə çevirmək imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bunu görməyən və ya bu reallıqla barışmaq istəməyən dairələr, kimliyindən və hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq, gec-tez Azərbaycanın real potensialı və yeni dünya nizamına təsir imkanları ilə barışmalı olacaq. Bu həqiqəti anlamaq istməyənlərin diqqətinə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubundan kiçik bir hissənin çatdırılması tam yerinə düşür: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri