13 aprel 2025 01:32
127

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib

IV Antalya Diplomatiya Forumunda (ADF2025) “Yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi” mövzusu müzakirə edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı iştirak ediblər.

Tədbirdə çıxış edən Murat Kurum dünyanı ekoloji baxımdan çirkləndirən ölkələr arasında Türkiyənin olmadığını bildirib.

Nazir deyib ki, Türkiyə dəyişən geosiyasi və iqtisadi dinamika şəraitində qlobal enerji keçidinin idarə edilməsində iqlim diplomatiyasının kritik rolunu öyrənir.

COP29-un iqlim dəyişikliyi üzrə mübarizələrə stimul verdiyini qeyd edən Muxtar Babayev hazırda dünyada bu istiqamətdə başladılan fəaliyyətləri Bakıda iqlim dəyişikliyi ilə bağlı aparılan əhatəli müzakirələrin davamı kimi dəyərləndirib.

Muxtar Babayev Türkiyənin COP31-ə ev sahibliyi etməsi ilə bağlı namizədliyini də bu, müsbət dinamikanın davamı kimi qiymətləndirib.

Paneldə enerji təhlükəsizliyi, dünyadakı buna bağlı geosiyasi vəziyyət, iqlim dəyişikliyi, yaşıl enerji, enerji keçidinin idarə edilməsi, iqlim diplomatiyasının əhəmiyyəti və effektiv idarəolunması, strateji perspektivlər kimi bir çox məsələ müzakirə olunub.