15 aprel 2025 01:57
163

Makrona “cəhənnəmə get” deyildi…

Sirr deyil ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı zorakı iddialarının rədd edilməsini sinirə bilmir. Odur ki, Avropada sözükeçən beynəlxalq təşkilatları da ölkəmizə qarşı qaldırmaqla məşğuldur. O, Cənubi Qafqazda zorakılıqla yerləşmək və digər qara əməllərini davam etdirmək cəhdindən əl çəkmir və başqalarını da bu işə qoşmağa çalışır. Avropa Şurası Parlament Assambleyasında, Avropa İttifaqında, Avropa Komissiyasında buna nail ola bilib. Belə araqatanlıq ona şərəfsiz keçmişinin mirasıdır.

Yüz illər boyu zəif dövlətləri istismar edən təcavüzkar Fransa ona qarşı möhkəm dayanmış Azərbaycana təzyiqlərini nə qədər artırsa da necə deyərlər, “daş qayaya rast gəlib.” Makronun ağılsız siyasəti və sərsəm niyyətləri artıq dünyada yüksək səviyyələrdə müzakirə olunmaqdadır.

“Azərbaycan Türkiyə başda olmaqla, dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib.”

 Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Nazir bildirib ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıblar: “İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək, Azərbaycanı cəzalandırmaq istədilər. Avropa Birliyində Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.

Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb. Bunlar həmin Avropa dövlətləridir ki, həmişə Azərbaycana qarşı ikili standartlar tətbiq ediblər, haqq-ədalətin yanından keçiblər. Erməni quldur dəstələrinin ölkəmizdə soyqırımlar törətdiyini, Ermənistanda yaşayan 300 min soydaşımızın dədə-baba torpaqlarından zorla qovulmasını, bir milyona yaxın soydaşımızın isə öz Vətənində məcburi köçkün vəziyyətinə salınmasını sakitcə izləyən Avropa ölkələri və beynəlxalq təşkilatlar özlərini elə aparırdılar ki, sanki bunlar elə belə də olmalı idi. Ancaq Azərbaycanın ərazilərinin işğalı, günahsız insanların vəhşicəsinə öldürülməsinə göz yuman təkcə Avropa deyildi. Okeanın o tayında erməni lobbisinin əlində o vaxt oyuncağa çevrilmiş ABŞ də vardı. Azərbaycana qarşı çevrilmiş Azadlığa Dəstək Aktına 907-ci düzəliş hələ də aradan qaldırılmayıb. Keçmiş Prezident Cozef Bayden və sabiq Dövlət katibi Antoni Blinken cütlüyü isə nə qədər gülünc görünsə də hakimiyyətlərinin sonunda erməni lobbisinə yarınaraq Ermənistan kimi perspektivsiz və qondarma dövləti strateji tərəfdaş elan ediblər.

Ceyhun Bayramov bildirib ki, “ABŞ-da da demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar.”

Diqqətə çatdıraq ki, bir çox ölkələrdə Fransa Prezidentinin müstəmləkəçilik siyasətindən narazılıq edənlərin sayı getdikcə artır. İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Fransa prezidenti Emmanuel Makrona qarşı təhqiramiz ifadələr işlədib.  Yair Netanyahu X sosial şəbəkə hesabında paylaşım edərək Fransa Prezidentinə qarşı sərt ifadələr yazıb.

Makronun açıqladığı paylaşımı sitat gətirən Yair ona "Cəhənnəmə get!" deyə cavab verib. Yair Netanyahu öz paylaşımında belə sərt ifadə işlədib: "Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Korsikanın müstəqilliyinə bəli! Bask bölgəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli!"

Adı çəkilən yerlərin hamısı Fransanın işğal altında saxladığı və ona qarşı azadlıq mübarizəsi aparan kiçik ölkələrdir. Oğul Netanyahu bundan əvvəl də Fransanın istilaçı siyasətini tənqid etmişdi.

Vəli İlyasov, “İki sahil”