Azərbaycan “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq foruma ev sahibliyi etməklə müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılmasına imkanlar yaratdı. Artıq ADA Universitetində bu səpgili forumların, konfransların keçirilməsi ənənə halını alıb. Bu tədbirlərin mövzuları aktuallığı ilə diqqətdə olur və xeyli sayda iştirakçının tədbirə qatılmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin çıxışı və forum iştirakçılarının suallarına cavabı ölkəmiz haqqında daha dolğun məlumatların əldə edilməsinə imkanlar yaratdı. Azərbaycanın iqtisadi uğurlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, bu imkanlar hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına stimul verir.
Dövlət başçısı İlham Əliyev yeni dünya nizamının formalaşdırılmasında türk dünyasının birliyinin əhəmiyyətli rolundan da bəhs etdi. “Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir” söyləyən cənab İlham Əliyev bildirdi ki, ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq. Bu təşəbbüsü irəli sürdük ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun: “Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur”.
Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Cənab İLham Əliyev bildirdi ki, biz həmin dəyərlərlə bölüşürük: “Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar”.
Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. Beləliklə, bunları əlavə etsək, həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. “Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur” bildirən dövlət başçısı İlham Əliyev vurğuladı ki, Avropa İttifaqını xatırlatdım. Həmçinin NATO-nu qeyd edə bilərəm. Hamımız bilirik ki, hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə biz daha fəal olmalıyıq: “Bəlkə uyğun söz deyil, lakin biz boşluğu doldurmalıyıq, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik”.
Dövlət başçısı İlham Əliyev forum iştirakçılarının çoxsaylı suallarını cavablandırmaqla bu və ya digər məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıqladı. Sülh, təhlükəsizlik, əməkdaşlıq sözügedən forumun da əsas çağırışı oldu.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri