16 aprel 2025 14:12
141

Trampın köməkçiləri Aİ-nin Ukraynaya dəstəyindən beziblər - "The Economist"

ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri Avropanın Ukraynanı gücləndirmək səylərindən bezdiklərini bildiriblər.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Economist" Vaşinqtondakı diplomatlara istinadla yazır.

Nəşr ABŞ-ın NATO müttəfiqlərindən birinin Pentaqonun niyə hələ də Ukraynaya silah tədarük etməsi ilə bağlı sualına məhəl qoymadığı bir vəziyyəti təsvir edir. Nəşr qeyd edir ki, hazırda Aİ liderləri iki istiqamətdə hərəkət edirlər. Birincisi, atəşkəsdən sonra Ukraynaya “dəstək qüvvələri” yaratmaq cəhdidir. İkincisi, hazırkı şəraitdə Kiyevə hərbi yardımın artırılmasıdır.

Ağ Evin əvvəlki administrasiyasının nümayəndələri indiki administrasiya ilə bağlı müxtəlif fikirlər bildirirlər. ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisi Devid Şimerin fikrincə, Avropa İttifaqı Ukraynaya daha çox silah göndərməlidir, o cümlədən hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı Vaşinqtonla razılığa gəlməlidir. “İndi avropalıların Ukraynaya yardımını artırmağın vaxtıdır ki, Ukrayna özünü müdafiə etmək üçün lazım olan dəstəyə malik olsun”, - deyə “The Economist” Şimerdən sitat gətirib.