ABŞ Dövlət Departamenti xaricdəki 30-a yaxın diplomatik missiyanı bağlamağı nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə "New York Times" departamentin daxili sənədinə istinadla məlumat yayıb.
Mövcud məlumata görə, bağlanması planlaşdırılan diplomatik nümayəndəliklərin əksəriyyəti Avropa və Afrikada yerləşir. Sənəddə xüsusilə Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Eritreya, Qambiya, Maldiv Respublikası və Qrenadadan bəhs edilir - bu ölkələrdəki səfirliklər bağlana bilər, onların vəzifələri isə qonşu ölkələrdəki digər diplomatik nümayəndəliklərə verilə bilər.
Eyni zamanda, bağlana biləcək konsulluqların əksəriyyəti Avropada yerləşir: beşi Fransada (Bordo, Lion, Marsel, Renn, Strasburq), ikisi Almaniyada (Düsseldorf, Leypsiq), ikisi Bosniya və Herseqovinada (Mostar və Banja Luka), Yunanıstan, İtaliya, Böyük Britaniya, Portuqaliyada birdir. Konsulluqların bağlanması Kamerun, İndoneziya, Cənubi Afrika və Cənubi Koreyaya da təsir edə bilər.
Diplomatik nümayəndəliklərin bağlanması və ya ixtisarı Somali və İraqa da təsir edə bilər.