17 aprel 2025 02:58
189

Fransanın “siçovulları” tələdə...

Kim nə əkirsə onu da biçir. Ancaq burada söhbət kənd təsərrüfatından getmir. Məsələ ondadır ki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa uzun illər Azərbaycanla sıx əlaqədə olub. Bundan sui-istifadə edərək tam məxfi formada gizli casus şəbəkəsi təşkil edib. Şəbəkəyə azərbaycanlı üzv də tapılaraq cəlb eidilib ki, bölgələrə getmək lazım gələrsə şübhə doğurmamaq üçün ondan istifadə edilsin. Bundan məqsəd gizli şəkildə Azərbaycanın mühüm dövlət sirlərini toplamaq, ümumiləşdirmək, nəticə çıxarmaq və Fransa xüsusi xidmət orqanlarına ötürmək olub. Bu minvalla 50-yə qədər məlumat göndərilib. Nəhayət, casuslar “iş başında” yaxalanaraq istintaqa cəlb ediliblər.

Bu günlərdə Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Prosesdə Martin Ryan vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Fransa səfirliyinin əməkdaşları ilə görüşməkdə məqsədi səfirliklə əlaqə yaratmaq olub: "Bu, iş adamı kimi mənim üçün vacib idi. Amma Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim barədə Frederik Devosla söhbət edəndən sonra bildim. Onun suallarından məndə belə bir təsəvvür yarandı ki, potensial agentdir. Bunu onun verdiyi suallardan da başa düşdüm. Sonradan Frederik Devos getdi və onu əvəz edən şəxs də eyni hərəkətləri edirdi. Onun hərəkətlərindən başa düşülürdü ki, özünü sadə diplomat kimi aparmır Onunla da çox görüşümüz oldu. Mən həmin şəxslərlə görüşməkdən maddi mənfəət güdməmişəm. Onlarla dostluq etmişəm. Pul qoparmaq və ya vəzifə almaq məqsədim olmayıb. Əsas məqsədim bir iş adamı kimi təhlükəsizliyimin təmin olunması üçün onlarla əlaqə saxlamaq olub".

Görəsən, “iş adamı” kimi onu hansı təhlükə gözləyirmiş? İndiyədək hələ bir nəfər xarici iş adamı Azərbaycanda ona təzyiqdən narazılıq etməyib və belə fakt olmayıb. Əgər vardısa Martin niyə bu barədə aidiyyəti orqanlara məlumat verməyib?

Daha sonra sərbəst ifadə verən Azad Məmmədli bildirib: "Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməmişəm. Mənə əməkdaşlıq təklifi ediblər. Amma bunu rədd etmişəm. Mən Böyük Britaniya Krallığında olduğum zaman Martin mənə zəng edib və biz söhbət etmişik. Bununla bağlı iş materiallarında səs yazılarımız var. Bizim aramızda heç bir qanunsuz hərəkət və söhbət olmayıb. Mənə 9 epizod üzrə ittiham verilib".

Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin əməkdaşları kimi təqdim olunan və həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları - Frederik Devos və Loran Lödi ilə Martin Ryanın vasitəsilə tanış olub. Ona heç bir imtiyaz və digər söz verilməyib, belə bir söhbətləri də olmayıb: "Martin Bakıda yaşadığı evində qonaqlıq verib. Məni də digər tanışları kimi həmin qonaqlığa çağırıb. Frederik Devos da ora gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, mənim Frederik Devosla süni görüşümüzün görüntüsünü yaradıblar.”

Gözünün içinə qədər yalan deyir. Necə olur ki, Bakı şəhərində  milyonlarla insanın arasında bir başqası deyil, yalnız Azad Məmmədli Fransa casuslarının “qonağı” olur? Bu, bir. İkincisi, Martin Ryanın da, Frederik Devosun da casus olduğunu bilib və onların tapşırıqlarını yerinə yetirib. Üçüncüsü, şübhəsiz, Məmmədli bilirdi ki, Fransanın prezidentindən tutmuş yüksək vəzifəli şəxsləri uzun illərdir Azərbaycan dövlətinə və erməni təcavüzündən əziyyət çəkmiş azərbaycanlılara qatı düşmənçilik edirlər. Hələ bu azmış kimi Prezident Emmanuel Makron Avropadakı bəzi qurumlarda bizə qarşı ətrafına “şayka” da bağlayır. Dördüncüsü, özünün dediyinə görə, Böyük Britaniyada və digər xarici ölkələrdə gəzib-dolaşan Azad heç eşitməyibmi ki, beş ildir Fransa Ermənistanı Azərbaycana qarşı silahlandırır, onu yeni müharibəyə hazırlayır, sülh müqaviləsinin imzalanmasına imkan vermir, beynəxalq təşkilatlarda ökəmizə qarşı zərərli kampaniya təşkil edir? Azərbaycanın xüsusi xidmət orqanları Azadın öz dərisini qorumaq məqsədilə uydurduğu yalanlara inanarmı? Qətiyyən.

Vətənini, xalqını pula, məqama satan,  düşmənə xəbər daşıyan xəyanətkar açıq düşməndən də qorxuludur. Yaxşı ki, bu “qorxu” həbsxananın dörd divarı arasındadır. Zamanı yetişəndə ədalət məhkəməsində cəzası kəsilib zərərsizləşdiriləcək. Satqınlığın sonu budur.

Vəli İlyasov, “İki sahil”