19 aprel 2025 16:08
96

Türkiyədə ianə adı altında İŞİD-i maliyyələşdirmə sxemi ifşa olunub

İstanbul polisi humanitar yardım toplamaq adı altında sosial şəbəkələr vasitəsilə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatını maliyyələşdirən kanalı ifşa edib.  

“İki sahil” xəbər verir ki, cinayət sxemi Terrorla Mübarizə İdarəsi tərəfindən terrorçularla əlaqəli sosial media hesablarının monitorinqi zamanı üzə çıxıb.

Əvvəllər İŞİD ilə əlaqəsi olduğu üçün hüquq-mühafizə orqanlarının diqqətini çəkən şübhəli şəxs saxta hesab açıb və guya kimsəsiz uşaqlara, qaçqın düşərgələrindəki ailələrə və ehtiyacı olanlara yardım üçün vəsait toplayan elanlar yerləşdirib.

Sonuncu belə “humanitar aksiya” “ehtiyacı olanlar üçün dəsmal pulunun toplanması” kimi təqdim edilib. Yığılan vəsait şübhəlinin anasının adına açılmış bank hesabına köçürülüb, sonra isə digər hesablara yönləndirilib.

Hüquq-mühafizə orqanları pulun son nəticədə xarici vətəndaşlar vasitəsilə Suriyaya, qaçqın düşərgələrinə, həmçinin Türkiyədəki İŞİD üzvlərinin ailələrinə göndərildiyini müəyyən ediblər.

Xüsusi əməliyyat nəticəsində İstanbulun müxtəlif bölgələrində 7 ünvanda 9 şübhəli saxlanılıb. Axtarışlar zamanı külli miqdarda rəqəmsal materiallar, 17 min 900 ABŞ dolları və 109 min 800 lirə maddi sübut kimi ələ keçirilib.