21 aprel 2025 13:20
99

Azərbaycan dili çağdaş dünyada 50 milyondan çox insan üçün müqəddəs ana dilidir

Biz bu gün qürurla deyə bilərik ki, Azərbaycan xalqı zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub  saxlamışdır. Xüsusilə Azərbaycan dilinin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olmuşdur. Ulu Öndərin dediyi kimi: «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.» Bəli, məhz Ulu Öndərin cəsarəti, qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş SSRİ-nin 27 aprel 1978-ci il tarixində qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamanki  reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.

1993-cü ildə Ulu Öndər Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra 1970-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirərdi. Belə ki, Azərbaycan dili ilə bağlı dövlət siyasətini daha inkişaf etdirdi.

Məhz Onun apardığı məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Sonralar da Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində, həmçinin dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalanmışdır. Belə ki, 2001-ci ildə imzalanmış fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təsis olunmuşdur. Ana dilimizin inkişafı və qorunması işi qanunvericilik səviyyəsində də davam etdirildi. Belə ki, 30 sentyabr 2002-ci il tarixində Azərbaycan Parlamenti «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanunu qəbul etdi.

Ülu Öndərin layiqli davamçısı olaraq Prezident İlham Əliyev Ana dilinin inkişafı və qorunmasına yönəlik dövlət strategiyasını uğurla davam etdirərək, dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın səyləri nəticəsində Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atılmışdır. Ölkəmizin başçısının vurğuladığı kimi, Azərbaycan dili çağdaş dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Yeni çağırışlara cavab verən müasir dünyamızda dil, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, cəmiyyətin mövcudluğunun davamlılığını artırmaq, qorumaq üçün bir imkandır. Bu səbəbdən inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan qəhrəman xalqımız əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.

Ümumilli Liderin gənc nəslin Azərbaycan dilini düzgün, hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyə edərkən vurğuladığı kimi, «Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq.»

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri