21 aprel 2025 17:16
96

Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa təkan verir

Xarici siyasətini bütün dövlətlərdə qarşılıqlı hörmət  və etimad prinsipləri əsasında quran Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən  etibarlı töhfədir.  Ölkəmizin   enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında  ən önəmli  tərəfdaş, tranzit bölgə kimi xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə  malik  əlaqələri daha da təkmilləşir.  Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da  möhkəmlənən   əlaqələrimiz hazırda bütün sahələrdə uğurla inkişaf edir.

Aprelin 15-də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin   ölkəmizə rəsmi  səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.

Möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına  münbit şərait yaradıb.  Hər iki ölkənin milli  maraqlarına, dövlətçilik mənafeyinə  uyğun  siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər  münasibətləri daha da möhkəmləndirir. Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Hazırda bu sənədlərin sayı 120-dən çoxdur.   Dünyanın   siyasi arenasında geosiyasi və  geostrateji əhəmiyyəti ilə aktuallığını qoruyan  Cənubi Qafqazın  bu iki dövlətinin İpək Yolunun üzərində yerləşməsi, Orta Dəhliz layihəsinin əsasını təşkil edən irimiqyaslı enerji və nəqliyyat layihələrinin  yeni keyfiyyət baxımından  icrasındakı iştirakı bölgənin aparıcı dövlətləri olan Azərbaycanla Gürcüstana  marağı artırır.

 Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi, qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında Xarici İşlər nazirləri arası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Mətbuata bəyanatında Gürcüstanın Prezidentinin ölkəmizə səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra  ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Hər iki dost, qardaş ölkənin məqsədi  əlaqələri  sağlam münasibətlər əsasında davam etdirmək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır.  Ulu Öndər Heydər Əliyevlə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze arasındakı  dostluğun münasibətlərimizin inkişafında, möhkəm təməlin yaradılmasında rolu daim xüsusi qeyd edilir. Bu iki şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdı. Bu tarixi şəxsiyyətlər hər iki  xalq üçün əvəzedilməz lider adlandırılırlar.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu ölkələrin  birgə səyi ilə  həyata keçirilən enerji və nəqliyyat layihələri  Avropa dövlətlərinin   bu sahədə təhlükəsizliyinə xidmət göstərir. Reallıq budur ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlərdə  yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri