Məlumdur ki, dünyanın supergücü sayılan ABŞ-da qeyri millətlərdən olan şəxslərin Prezident tərəfindən yüksək vəzifəyə təyin edilməsi az qala nadir hadisə hesab edilir. Bu gün bütün türk dünyası üçün qürurvericidir ki, milliyyətcə türk olan Mehmet Öz Prezident Donald Tramp tərəfindən etimad göstərilərək yüksək vəzifəyə təyin olunub. Onun təqdimetmə mərasimində baş verən maraqlı hadisə Mehmet Özün şəxsiyyətinə böyük rəğbət və hörmət qazandırıb.
Həmin hadisə ABŞ Prezidenti Donald Trampın Sağlamlıq Sığortası Təşkilatının sədri vəzifəsinə təyin etdiyi türk əsilli həkim Mehmet Özün andiçmə mərasimi zamanı baş verib.
Mərasimdə Mehmet Özün təyinatı ilə bağlı mətbuat qarşısında çıxış edən Prezident Tramp onun həyat və fəaliyyəti ilə bağlı məlumat verib. Həyəcan yaradan hadisə də elə bu zaman baş verib. Mərasimdə iştirak edən azyaşlı bir qız qəflətən huşunu itirib. İştirakçılar arasında narahatlıq yaranıb.
Bu zaman ABŞ Prezidentinin olduğu kürsünün arxasında dayanan həkim Mehmet Öz, dərhal kürsüdın zala düşərək qızın yanına gedib və onun səhhətini yoxlayıb. Bunu görən Prezident Tramp çıxışını dayandıraraq narahatlıqla hadisənin sonunu gözləyib. Azyaşlı qız Özün köməyi ilə özünə gəldikdən sonra ixtisaslı tibbi yardım göstərilməsi üçün zaldan çıxarılaraq xəstəxanaya aparılıb.
Andiçmə mərasimində təşkilat rəhbəri vəzifəsinə təyin olunan Mehmet Özün Hippokrat andına sadiq qalaraq hər şeyə rəğmən vəziyyətə müdaxilə etməsi, azyaşlıya yardım etməsi ABŞ ictimaiyyətində diqqət çəkib və təqdir edilib. Həkim-məmurun bu səmimi və xeyirxah jesti geniş ictimaiyyət tərəfindən alqışlanıb.
Həkim Mehmet Özün bu hərəkəti Tramp Administrasiyasında da razılıqla qarşılanıb. Şübhəsiz ki, bundan sonra ABŞ Senatında və Konqresində yuva salmış ermənipərəstlər öz qınlarına çəkiləcəklər. Prezident Donald Trampın dünyanı lərzəyə gətirdiyi indiki günlərdə türk oğluna göstərdiyi yüksək etimad türk düşməni Ermənistanda da beyinlərdə sarsıntı və “zəlzələ” yaradıb. Avropada və Ermənistanda Türkiyənin düşmənləri lal olublar, danışmırlar, yazmırlar. Çünki siyasi proseslər onların planlarının əksinə inkişaf edir, Tükiyə ilə bərabər, Azərbaycanın da beynəlxalq nüfuzunu yüksəldir. Donald Trampın yeni təyinatı onların zəhərlənmiş beyinlərini qıc edib. Neçə gündür ki, özlərinə gələ bilmirlər. Yəqin ki, bu hadisədən sonra əməllərində müəyyən düzəlişlər edəcəklər. Bədxahlarımız düşünürdülər ki, ABŞ-da hakimiyyətdə Cozef Bayden-Antoni Blinken cütlüyü qalacaq və bundan Türkiyə və Azərbaycana qarşı istifadə edəcəklər. Lakin gözləntiləri gözlərində qaldı.
Xatırladaq ki, Donald Tramp birinci hakimiyyəti dövründə türklərə xoş münasibət bəsləmiş, erməniləri isə seçkilərdə ona xəyanət etdiklərinə görə Ağ Evin kandarına belə yaxın buraxmamışdı. O vaxt da xəyanətlərinin qurbanı elə özləri olmuşdular. Bir neçə ay əvvəl Donald Tramp ikinci dəfə Prezident seçiləndə Ermənistanda sanki matəm əhval-ruhiyyəsi yaranmışdı. Belə görünür ki, düşmənlərimizin matəm günləri əskik olmayacaq. Olmasın!
Vəli İlyasov, “İki sahil”