Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına (ÇXR) rəsmi dövlət səfəri edib. Ölkəmizin başçısı səfərdən öncə xüsusi olaraq Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb.
Xatırladaq ki, ÇXR-in Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olub, 2019-cu ildə isə Pekində keçirilən İkinci «Kəmər və yol» beynəlxalq əməkdaşlıq forumunda iştirak edib. Sədr Si Cinpin ilə görüşləri və səmərəli müzakirələri böyük məmnuniyyətlə xatırlayan ölkə başçısı bildirib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, iki ölkə arasındakı strateji tərəfdaşlıq yeni müsbət məzmunla zənginləşir. Hər iki ölkə başçıları arasındakı fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Sözügedən müsahibədə xüsusi vurğulanıb ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış edib və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir. Beynəlxalq aləm üçün belə bir bəşəri tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, Azərbaycan bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdi. Bu da öz növbəsində konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi.
Xüsusi qeyd edilməlidir ki, ölkəmizin başçısının Çinə əvvəlki səfərləri zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunub. Güman edirik ki, aprelin 22- də Çinə reallaşan səfər də hər iki ölkə üçün səmərəli nəticələrlə yadda qalacaq. Bir sözlə, Prezident İlham Əliyevin dost ÇXR-na növbəti səfəri də hər iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Yəni, ölkəmizin başçısının dedyi «Biz artıq Orta Dəhlizin ən etibarlı və təhlükəsiz keçid marşrutu olduğunu sübut etmişik» sözləri regionda Azərbaycanın mühüm geostrateji mövqeyini təsdiqləyir. Bundan başqa, enerji və yüksək texnologiyalar sahəsində Çinin Azərbaycan iqtisadiyyatına artan marağı yeni əməkdaşlıq sahələrinin formalaşmasına təkan verir. Rəqəmsal iqtisadiyyat, nəqliyyat loqistika, yaşıl enerji və süni intellekt kimi sahələrdə mümkün layihələr Azərbaycan-Çin münasibətlərini gələcək texnoloji tərəfdaşlığında yeni səhifə açır.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri