23 aprel 2025 18:48
162

Qaradağda "Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa - FOTO

Aprelin 23-də Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Elm və Təhsil Nazirliyi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirib.

Milli Məclisin deputatlarının, YAP Qaradağ rayon təşkilatının fəallarının, Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələrinin, şəhid ailələri üzvlərinin və qazilərin iştirak etdikləri tədbirdə Ulu Öndərin Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi mühüm tarixi və siyasi əhəmiyyət daşıyır. Bu qərar həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də hüquqi düşüncənin cəmiyyətə daha dərindən aşılanması baxımından olduqca vacibdir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası ölkəmizin müstəqil və hüquqi dövlət kimi inkişafının bünövrəsini qoyub. Bu sənəd xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, insan hüquq və azadlıqlarının təminatçısı kimi də çıxış edir. O, həmçinin bildirib ki, suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması bu gün Konstitusiyanın real həyatda tam tətbiqi və təsdiqi ilə nəticələnib. Qaradağ rayon təşkilatının sədri xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin ictimai şüurun formalaşmasına, vətəndaşlıq məsuliyyətinin güclənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək, bildirib ki, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunması ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsipinə verilən yüksək dəyərin təcəssümüdür. Konstitusiya Azərbaycan xalqının azad iradəsini, dövlət müstəqilliyinin hüquqi əsaslarını və vətəndaşların hüquq və azadlıqlarını təmin edən əsas sənəddir.

Deputat vurğulayıb ki, suverenliyin bərpası, işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın suveren hüquqlarının tam bərqərar olunması, Konstitusiyanın real həyata tətbiqinin bariz nümunəsidir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə mövzu ətrafında geniş çıxış edərək bildirib ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. Bu sənəd müasir hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bünövrəsini təşkil edir.

Millət vəkili diqqətə çatdırıb ki, Konstitusiyaya sonrakı dövrlərdə üç dəfə-2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumu ilə əlavə dəyişikliklər edilərək, cəmiyyətin inkişafı və müasir tələblərə uyğunlaşdırılması baxımından yenilənmişdir. Bu baxımdan Konstitusiya hər bir vətəndaşın hüquqlarının müdafiəsinə əvəzsiz hüquqi zəmin yaradır.

Suverenliyin əhəmiyyətindən danışan Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa edərək bütün ərazilərində suveren hüquqlarını tam şəkildə həyata keçirir. Bu, ölkəmizin güclü dövlətçilik ənənələrinə və hüquqi sisteminə əsaslanmasının nəticəsidir. Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, həm də çağdaş, demokratik və hüquqi dövlət modelini uğurla tətbiq edən ölkələri sırasında önəmli yer tutur. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, bu prinsiplərə verilən yüksək dəyərin bariz nümunəsidir və cəmiyyətin hüquqi maarifləndirilməsində mühüm rol oynayır. Milli Məclisin deputatı çıxışının sonunda bu cür tədbirlərin və təşəbbüslərin gənc nəslin hüquqi şüurunun formalaşmasına və dövlətçilik prinsiplərinə sədaqət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb.

Çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Azərbaycan müstəqil bir dövlət olaraq Konstitusiya və suverenlik prinsipini tam şəkildə həyata keçirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə ölkəmizin hüquqi dövlət quruculuğuna olan bağlılığını bir daha göstərir. Onun sözlərinə görə, bu il çərçivəsində keçirilən tədbirlər və təşəbbüslər həm ölkə vətəndaşlarının, xüsusilə də gənc nəslin hüquqi düşüncəsinin inkişafına, həm də dövlətçilik prinsiplərinin dərinləşdirilməsinə xidmət edir.

Elm və Təhsil Nazirliyinin şöbə müdiri, Rövşən Ağayev bildirib ki, Azərbaycan Konstitusiyası ölkədə hüquqi dövlət quruculuğunun əsasını təşkil edir. O, bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin Azərbaycan xalqının suverenliyini və dövlətçiliyini qorumağa olan bağlılığını göstərdiyini vurğulayıb. Şöbə müdiri bu ilin gənclərə hüquq və dövlətçilik prinsiplərini daha dərindən mənimsəməyə imkan verəcəyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər Əqli Mülkiyyət Agentliyinin əməkdaşı İsrafil Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, şəhid anası Fəridə İsmayılova, 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva mövzusu ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra “Azərbaycan Konstitusiyası və Suverenlik İlinin əhəmiyyəti” mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirin sonunda Qaradağ rayonunun itimai-siyasi həyatında fəal iştirak edən YAP üzvlərinə Fəxri Fərmanlar, partiyaya yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim edilib.       

Xatirə fotosu çəkdirilib.

Səbinə Qorxmaz, “İki sahil”