23 aprel 2025 11:15
139

Azərbaycanla Çin arasında yeni inkişaf dövrü başlayır

Aprelin 22 –də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri tarixi hadisə hesab edilə bilər. Xüsusilə Pekində ölkəmizin başçısının və birinci xanım Mehriban Əliyevanın yüksək səviyyədə qarşılanması bir daha göstərdi ki, iki ölkə arasında bir-birinə qarşı geniş hörmət və diqqət mövcuddur.   

Azərbaycan dövləti  Çin Xalq Respublikasının timsalında yeni və güclü bir tərəfdaşla çoxtərəfli əməkdaşlığını davam etdirir. Hər iki ölkə qurulan strateji tərəfdaşlıq son illərdə yeni dinamika qazanaraq yalnız ikitərəfli çərçivədə deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyətli siyasi və iqtisadi nəticələr doğurmaqdadır. Xüsusi qeyd edilməlidir ki, ölkəmizlə Çin arasında  diplomatik əlaqələrin qurulmasından uzun müddət keçir. Yəni, ötən onilliklər ərzində  əlaqələr qarşılıqlı etimad  və hörmət əasında inkişaf edib. Hazırda Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə geniş əməkdaşlıq edir.

Azərbaycan dövlətinin  hazırda  dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf edirsə bu, ölkəmizə yeni inkişaf imkanları yaradacaqdır. Belə ki,  Azərbaycan - Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının aparıcı informasiya agentliyi olan «Sinxua» ilə müsahibəsində bu münasibətlərin dərin məzmunu və gələcəyə yönəlik perspektivləri aydın şəkildə əks olunub.

Prezident İlham Əliyevin Azərbaycan ilə Çin arasında ticari dövriyyə son illər əhəmiyyətli dərəcədə artmışdır. Bizim strateji tərəfdaşlığımız müxtəlif sahələrdə uğurla inkişaf edir fikri, mövcud əməkdaşlığın təkcə iqtisadi deyil, siyasi baxımdan da dayanıqlı əsaslara söykəndiyini göstərir. Çinin irəli sürdüyü “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın iştirakı, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında etibarlı tranzit platformasına çevrilməsi ilə daha da möhkəmlənir.

Bu, bir qürurverici faktdır ki, iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsinin  həcmi 2 milyard ABŞ dollarını keçmişdir. Beləliklə, bu, iki ölkə arasındakı  iqtisadi əlaqələrin yalnız rəqəmlərlə deyil, strateji inamla da müşayiət olunduğunu göstərir. Azərbaycan Prezidentinin «Biz bu əməkdaşlığı daha da genişləndirmək əzmindəyik» sözləri gələcək inkişafın prioritet xəttini müəyyən edir. Bu gün Çin-Azərbaycan münasibətləri qarşılıqlı hörmət, siyasi sabitlik və iqtisadi faydalılıq prinsipləri əsasında formalaşmış çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Bu model həm regional inteqrasiyanın mühüm nümunəsi, həm də çoxqütblü dünyanın yeni reallıqları fonunda uğurlu diplomatik platformadır. Sadalanan bu nəticələri daha da yaxşılaşdırmaqdan ötrü iki ölkə arasında ticarət prosedurlarının sadələşdirilməsi, qarşılıqlı investisiyaların və texniki-iqtisadi əməkdaşlığın artırılması, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması və sərmayəçilərin qanuni hüquq və maraqlarının təmin olunması və sair bu kimi istiqamətlərdə genişmiqyaslı işlər davam etdirilir. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal sahəsində fəal əməkdaşlıq etməyə, infrastruktur tikintisi, energetika, kimya və yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində də səylərini artırıblar. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Keçən ilin sonlarına olan məlumata görə, Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb (Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan təqribən 2 dəfə çoxdur). Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri