23 aprel 2025 23:13
97

Təşviş pozuntusu nədir?

Psixoloq bu sosial problemə aydınlıq gətirir

Bu gün həyatın sürəti artdıqca insanın daxili dünyasında baş qaldıran fırtınalar da güclənir. Gözlə görünməyən, amma gündəlik həyatımızı zəncir kimi bağlayan bir vəziyyət var-təşviş pozuntusu. Səbəbsiz qorxular, davamlı narahatlıq və izaholunmaz gərginlik…

Klinik psixoloq Könül Abbasova "İki sahil TV"yə müsahibəsində təşviş pozuntusunu yaradan səbəblərə aydınlıq gətirdi.

-Könül xanım, insan beynində nə baş verir ki, adi narahatlıq bir anda təşviş pozuntusuna çevrilir? Ümumiyyətlə, təşviş pozuntusu insanın xarakteri ilə bağlıdır, yoxsa bu, həyatın gətirdiyi yükün nəticəsidir?

-Adətən insanlar həyatlarının müəyyən məqamlarında narahatlıqlar yaşayırlar. Bu, tamamilə təbiidir. Amma problem o zaman başlayır ki, bu narahatlıq artıq real vəziyyətlə uyğun gəlmir, idarəolunmaz bir hal alır. Burada artıq təşviş pozuntusundan danışırıq. İnsan beynində bu prosesin mərkəzində limbik sistem, xüsusilə də amigdala adlı bir struktur dayanır. Amigdala bizim “emosional siqnalizasiya mərkəzimizdir” - yəni təhlükə hiss etdiyimizdə bədənə siqnal verir ki, hazır ol, qorun! Amma təşviş pozuntusunda bu sistem həddindən artıq aktiv olur, bəzən real təhlükə olmadan belə “təcili təhlükə var!”    siqnalını verir. Bədən isə bu siqnalı ciddiyə alır: ürək döyünür, tər axır, nəfəs sürətlənir, əzələlər gərginləşir, sanki döyüşə və ya qaçmağa hazırlaşır. İndi gələk sualın əsas hissəsinə -bu, insanın xarakteri ilə  bağlıdır, yoxsa həyatın ağırlığı ilə? Bu suala təkcə bəli və ya xeyr deyə cavab vermək mümkün deyil. Çünki təşviş pozuntusu bioloji, psixoloji və sosial amillərin birləşməsindən yaranır. Bəli, bəzi insanlar genetik olaraq daha həssas ola bilərlər. Bu, onların emosional reaktivliyinin yüksək olması ilə bağlıdır. Digər tərəfdən, uzunmüddətli stress, travmalar, uşaqlıqda yaşanan psixoloji zədələr, hətta valideyn davranışları belə təşviş pozuntusunun formalaşmasında mühüm rol oynayır.

-Bəzən insan gülür, danışır, öz işindədir… Amma içində qopan təşvişi heç kim hiss etmir...

-Çox doğru müşahidədir. Bəzən insanlar elə görünür ki, sanki hər şey qaydasındadır.  Amma bu zahiri görüntünün arxasında çox dərin bir daxili fırtına, görünməyən bir emosional mübarizə gedə bilər. Təşviş pozuntusu yaşayan insanın içində demək olar ki, dayanmadan çalışan bir həyəcan siqnalı var. İnsanı ən çox yoran başqalarının anlaya bilmədiyi bir ağırlığı təkbaşına daşımaqdır. Bəzən insanlar bu mübarizəni gizlədirlər, çünki zəif görünməkdən qorxurlar. Təəssüf ki, cəmiyyətimizdə emosional problemlər hələ də tabu kimi qəbul olunur. İnsanlar  düşünür ki, mən həyəcan keçirirəm desəm, ya lağ edərlər, ya da anlamazlar. Ona görə də bir çoxları bu hissləri içində saxlayır. Göründüyü kimi,  bu susqunluq təşvişin daha da ağır formaya keçməsinə səbəb olur.

Hər kəs baş verənləri normal qəbul etməlidir. Təşvişi gizlətmək onu zəiflətmir, əksinə gücləndirir. Bəzən görünməyən mübarizə, görünənlərdən daha çox güc tələb edir. Bu gücü tanımaq, ona hörmət etmək, onunla mehriban şəkildə yaşamağı öyrənmək sağalmanın əsas hissəsidir.

-Ən uğurlu, xaricdən çox sakit görünən insanların belə təşviş pozuntusu yaşaması nədən xəbər verir?

-Bu, həqiqətən də psixoloji müşahidələrdə tez-tez rast gəldiyimiz bir paradoksdur. Bəzən ən uğurlu, sakit, hər şeyə nəzarət edən, özünü güclü göstərən insanlar daxildə təşviş pozuntusunun ağır formasını yaşayırlar. Bu insanların xarici görüntüsü  sakit, sabit, kontrollu çox vaxt daxili aləmlərində yaşanan qarışıqlığın əksidir. Onlar bəzən özlərini hər şey yolundadır obrazında göstərməyə çalışırlar. Cəmiyyət onlardan uğur gözləyir, ailə onlara arxalanır, iş həyatında lider mövqedədirlər. Bu zaman onlar içindəki narahatlığı, qorxunu, qeyri-müəyyənliyi ifadə etməkdən çəkinirlər. Nəticədə, bu duyğular yığılır və təşviş pozuntusu kimi partlayır. İnsanlar daxildə yaşadıqları təşvişi ört-basdır etmək üçün gülmək, sakit görünmək, həmişə məşğul olmaq kimi strategiyalardan istifadə edirlər. Bu davranışlar onları bir müddət qoruyur, amma uzun müddətdə yorur və tükəndirir. Ən vacibi odur ki, biz psixoloji narahatlıqları, o cümlədən təşvişi, təkcə köməyə ehtiyacı olan zəif insanlar üçün deyil, hər kəs üçün mümkün və keçərli bir hal kimi qəbul etməliyik. Çünki güc bəzən susmaq deyil, daxili narahatlığı tanımaq və ona üz tutmaqdır.

-Təşviş pozuntusu keçirən insanlar adətən özlərini  tənha hiss edirlər. Tənha qalan bir psixika necə sağalır?

-Həqiqətən də, təşviş pozuntusu yaşayan insanlar çox vaxt özlərini tənha hiss edirlər. Sağalma prosesi başlandıqda ilk addım görünməz yükü başqalarına açmaqdır. Bu, psixoterapiya və ya etibar edilən bir insanla söhbət etmək yolu ilə həyata keçirilə bilər. Hətta kiçik sosial əlaqələr, bəzən təkrar təmaslar belə, psixikanın tədricən sağalmasına kömək edir. İnsan öz narahatlığını paylaşdıqca tənha qalma hissi yavaşca azalmağa başlayır. Tənha qalmanın sağalması bir qədər yavaş vaxt aparsada nəticədə müsbət nəticə verir.

-Bəzən insanlar təşviş pozuntusunu panik atakla dəyişik salırlar. Bunu ayırd etmək üçün tövsiyəniz nədir?

-Bəli, bu, həqiqətən də çox yayılmış bir haldır. Çünki həm panik atak, həm də təşviş (anksiyete) pozuntusu bənzər fiziki və emosional simptomlarla müşayiət olunur. Bura daxildir: Ürək döyüntüsü, tərləmə, titrəmə, boğulma hissi, qorxu və narahatlıq. Amma bu iki hal arasında çox önəmli fərqlər var. Onları ayırd etmək düzgün diaqnoz üçün çox vacibdir. Təşviş pozuntusu daha çox uzunmüddətli və davamlı narahatlıqla xarakterizə olunur. İnsan günlərlə, hətta aylarla müəyyən bir səbəbə bağlı və ya səbəbsiz olaraq özünü narahat, gərgin, təlaşlı hiss edə bilər. Bu vəziyyət adətən xroniki olur, yəni uzun sürür, gündəlik həyat keyfiyyətini azaldır. Düşüncələr çox zaman “bəs birdən bu olarsa, nə olacaq?” kimi sonsuz ehtimallarla yüklənir.

Panik atak isə ani, qəfil və intensiv şəkildə başlayan bir vəziyyətdir. Çox vaxt 10-15 dəqiqə ərzində pik nöqtəyə çatır və sanki nə isə çox dəhşətli bir şey baş verəcəkmiş kimi hiss olunur.  Həmin şəxs tez-tez infarkt keçirirəm, öləcəm, dəli olacam kimi düşüncələrlə qarşılaşır. Amma bu atak pikə çatdıqdan sonra nə qədər güclü olsa da keçici olur. Bu iki halı ayırd etmək üçün əsas tövsiyəm belədir:  Zamanla müşahidə edin. Panik atak ani gəlir və gedir. Amma təşviş pozuntusu daha yavaş, davamlı və tükəndirici şəkildə irəliləyir. Panik atak zamanı bədən daha kəskin reaksiya verir: nəfəs alma çətinləşir, sinədə ağrı, bədəndə uyuşma və hətta reallıqdan qopma hissi ola bilər. Təşviş pozuntusunda bu simptomlar daha yüngül və daimi şəkildə özünü göstərə bilər. Unutmayın ki, hər iki hal təhlükəli deyil, amma müdaxilə olunmazsa, həyat keyfiyyətini ciddi şəkildə poza bilər.

-Könül xanım, təşviş  pozuntusu və bu kimi psixoloji xəstəlıklər əsasən genetikdir, yoxsa  sonradan qazanılma?

-Təşviş pozuntusu (anksiyete pozuntusu) və digər psixoloji xəstəliklər həm genetik, həm də ətraf mühit amillərinin birgə təsiri ilə üzə  çıxır.  Ailəsində təşviş pozuntusu, depressiya və ya digər ruhi xəstəliklər olan şəxslərdə bu problemlərin yaranma riski daha yüksək olur. Ancaq ətraf mühit və sonradan qazanılmış amillər də - uşaq yaşda yaşanan travmalar, zorakılıq, ailə problemləri, itkilər, uzunmüddətli stress, sosial təzyiqlər, tənhalıq, maliyyə problemi və.s buna gətirib çıxara bilər.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”